“QAYIDIŞ KÖNÜLLÜLƏRİ” PROQRAMINA QEYDİYYATA YENİDƏN START VERİLİR

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Qayıdış Könüllüləri” proqramına müraciətlər növbəti dəfə açıq elan edilib.

Təşkilatdan verilən məlumata görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilmiş çağırışına uyğun olaraq başladılan “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi həmin ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də onun zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Proqrama işğaldan azad olunmuş rayonlardan olan 18-29 yaş arasında hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq 2023-cü il sentyabrın 30-dək ttps://qayidish.konullu.az saytından qeydiyyatdan keçərək müraciət edə bilər.

Könüllü qruplarda təmsil olunmaq üçün gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsinə cəlb olunurlar. Təlimlər əvvəlcədən müəyyənləşdirilmiş peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında keçirilir. Təlimlərin keçirilməsində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin priorotetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.

Proqrama cəlb olunan könüllülər Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstək göstərəcək, həmçinin mütəmadi olaraq orada keçirilən tədbirlərin təşkilində iştirak edəcəklər. Əraziyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Qeyd edilib ki, hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları fəaliyyət göstərir. Həmin qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunurlar. Növbəti mərhələdə digər işğaldan azad edilmiş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması nəzərdə tutulub.