
Ötən gün təməli qoyulan Qars–İğdır–Dilucu layihəsi ilə “Tramp sülh və rifah yolu”nun (TRIPP) Türkiyə ərazisi ilə Naxçıvana qədər uzanacaq hissəsinin tikintisinə start verilib. Qlobal əməkdaşlığa zəmin yaradan bu layihə təkcə qardaş ölkənin şərqində regional nəqliyyat ehtiyaclarını deyil, eyni zamanda, geniş geosiyasi və geoiqtisadi məqsədləri hədəfləyən, inteqrasiyanın sürətləndirilməsinə xidmət edən strateji addımdır.
Məlumdur ki, Dilucu keçidi Türkiyəni Naxçıvan üzərindən Azərbaycanla birbaşa bağlayan yeganə qapıdır, Bu baxımdan Qars–İğdır–Dilucu yolu Şərqi Anadolu ilə bütövlükdə Cənubi Qafqaz arasında ticarət və logistika zəncirinin qurulması deməkdir. Layihə Azərbaycan və Türkiyənin Orta Dəhlizin inkişafı strategiyasına uyğundur. Bu yol, ilk növbədə, Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın tranzit əhəmiyyətinin artmasına, Ermənistanla dayanıqlı əsaslar üzərində sülhün əldə edilməsinə imkan verəcək.
2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarının praktik müstəvidə reallaşması istiqamətində mühüm addım, TRIPP-in vacib hissəsi olacaq bu yolun istifadəyə verilməsi ilə Türkiyədən Azərbaycana və əksinə yük, sərnişin daşımaları daha sürətli, daha rentabelli və cəlbedicidir. Bu, eyni zamanda, Azərbaycan, Ermənistan və Türkiyənin sərhədyanı bölgələrində yaşayan əhalinin yeni bazarlara çıxışını təmin edəcək, kənd təsərrüfatı və sənaye məhsullarının daşınmasını yaxşılaşdıracaqdır. Ümumilikdə, “Tramp sülh və rifah yolu” insanların gündəlik həyatını asanlaşdıracaq: şəhərlərarası və ölkələrarası səfərlər intensivləşəcək, yol boyu logistika və xidmət sektorunda yeni iş yerləri yaranacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 22-də ölkənin şərqindəki İğdır vilayətində yeni dəmir yolunun tikintisinə başlanılması mərasiminin iştirakçılarına müraciətində yeni nəqliyyat layihəsinin təkcə Türkiyəyə deyil, bütövlükdə regiona da müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Müraciətdə qeyd olunur ki, Qars-Naxçıvan dəmir yolu Türkiyə ilə Azərbaycan arasında kommunikasiyanın növbəti mühüm halqasına çevriləcək. “Bu yol inkişaf yolunda körpü rolunu oynayacaq”, – deyən Türkiyənin dövlət başçısı vurğulayıb ki, Azərbaycanla sərhədə qədər olan 224 kilometrlik dəmir yolu layihəsinə cəlb edilən vəsait 2,4 milyard avrodur. Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkələrinin genişləndirilməsi ümumilikdə regional ticarətə çox müsbət təsir göstərəcək. Qars–Iğdır–Aralık–Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin “açarı” olacaq. Avtomobil və dəmir yolunun birlikdə işləməsi yüklərin bölüşdürülməsinə imkan yaradacaq, sıxlığı azaldacaq, nəqliyyat xərclərini endirəcək.
Yeni infrastruktur layihəsi Azərbaycanla Türkiyə arasında “bir millət, iki dövlət” prinsipini praktiki olaraq gücləndirir. Xüsusilə təcrid durumunda olan Naxçıvan üçün yeni yol Türkiyə və Azərbaycanın əsas bazarlarına çıxış deməkdir. Eyni zamanda, marşrut güvənli və etibarlı olduğu üçün fövqəladə hallarda – hava şəraiti və ya digər məhdudiyyətlər zamanı alternativ bağlantı rolunu oynayacaq.
Türk dünyası üçün də layihənin strateji əhəmiyyəti böyükdür. Təsadüfi deyil ki, bugünlərdə Aşqabadda keçirilən Azərbaycan, Özbəkistan və Türkmənistan üçtərəfli görüşü zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TRIPP daxil olmaqla, yük daşımaları sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər irəli sürüb. O, vurğulayıb ki, mövcud və perspektivli nəqliyyat dəhlizlərinin birləşdirilməsi Çini Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirən dayanıqlı transkontinental marşrut yaratmağa imkan verəcək: “Yeni yük axınları Azərbaycan, Türkmənistan və Özbəkistanda infrastrukturun səmərəli şəkildə yüklənməsini təmin etməyə çağırır”.
Burada söhbət Orta Dəhlizin, o cümlədən TRIPP yolunun buraxılış qabiliyyətinin genişləndirilməsi, Türkmənbaşı və Bakı limanlarında müasir logistika infrastrukturunun yaradılması, prosedurların rəqəmsallaşdırılması, yüklərə nəzarətin təmin edilməsi və razılaşdırılmış tarif siyasətinin həyata keçirilməsindən gedir. Göründüyü kimi, Türkiyə və Azərbaycan birgə logistika standartları formalaşdırıb digər türk dövlətlərinə də nümunə göstərirlər.
Ən önəmlisi budur ki, bu layihə yalnız iqtisadi və logistika sahələrində fayda gətirməyəcək, eyni zamanda, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Genişlənən ticarət əlaqələri bölgədə həm də dayanıqlı etimad mühitinin formalaşmasına imkan verəcək. Bu mənada, Qars–İğdır–Dilucu layihəsi Ermənistan və Azərbaycan arasında sülhün güclənməsinə, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına da sanballı töhfələr verə bilər.
Ən nəhayət, 22 avqustda təməli qoyulan yeni layihə, eləcə də TRIPP layihəsi regional münasibətlərin praktik səviyyədə dərinləşdirilməsinə də xidmət edəcək.
MTM Analitik Qrup