QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ RƏSMİ AÇILIŞ MƏRASİMİ BƏƏ MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mediasının diqqət mərkəzində olub.

Rəsmi “Emirates” informasiya agentliyi, “Əl İttihad”, “”Əl Bəyan” qəzetləri, “PRNewswire” portal açılış mərasimi haqqında geniş materiallar dərc ediblər.

BƏƏ ictimaiyyətinin diqqətinə çatdırılıb ki, hələ 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Materiallarda Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından əsas məqamlar da yer alıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı BƏƏ ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, yeni layihələrin olacağını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, BƏƏ-nin dörd nazirinin iştirak etdiyi mərasim iki ölkə arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

Sonra vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək qeyd edib ki, “Masdar”ın heç bir layihəsində dörd nazir və ən yüksək səviyyəli nümayəndə heyətinin üzvlərinin eyni vaxtda iştirakının şahidi olmayıb. O əlavə edib ki, bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və uğurlu əməkdaşlığın nümunəsidir.

Oxuculara məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Qaradağ Günəş Elektrik Stansiyasını işə salıblar. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.