QARABAĞIN BƏRPASINA HƏSR OLUNMUŞ BİZNES FORUMU KEÇİRİLİB

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forumu keçirilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumunun açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlərin keyfiyyətcə yeni müstəvidə daha da genişləndiyini deyib. Bildirilib ki, TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 milyard ABŞ dolları sərmayə yatırıb.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasındakı maneənin aradan qalxması nəticəsində region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmir yolu şəbəkələrinin formalaşdırılması imkanı yarandığını, hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində aktiv işlər aparıldığını diqqətə çatdırıb. Nazir əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək

İqtisadiyyat naziri 44 günlük Vətən müharibəsi dövründə Türk Şurasının Azərbaycana böyük dəstək verdiyini vurğulayıb. Qeyd edilib ki, azad edilmiş ərazilərimizin bərpasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəkləri yüksək qiymətləndirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumunda tikinti, nəqliyyat-logistika, kənd təsərrüfatı, qida sənayesi, bərpa olunan enerji, yüngül sənaye, turizm, mədənçilik və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı iş adamının iştirakı türkdilli ölkələrin dostluq və qardaşlığının daha bir nümunəsidir.

Türk Şurasının Baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, təşkilatın fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasının türkdilli dövlətlərin ümumi işi olduğunu və Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın nümayəndə heyətlərinin rəhbərləri və digərləri çıxışlarında sahibkarlıq, investisiya, “yaşıl” iqtisadiyyat, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, təmsil etdikləri ölkələrin şirkətlərinin Qarabağın bərpası və yenidən qurulmasında iştirakda marağını ifadə ediblər.

Tədbir çərçivəsində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Sənəd xarici ticarət fəaliyyətinin təşkili və stimulaşdırılması sahəsində təcrübə mübadiləsi məsələlərini ehtiva edir.

Forum işini ikitərəfli görüşlərlə davam etdirib.