Ermənistan dünya ictimaiyyətini çaşqınlığa salmaq istəyərkən davamlı olaraq məğlubiyyətə uğrayır. Lakin ölkə israrla bu yolda davam edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymur və əsassız manipulyasiya addımları atır. İndiyədək bu siyasət öz bəhrəsini verməyib, əksinə, Ermənistanın siyasətinin mahiyyəti barədə həqiqəti üzə çıxarıb. Bu siyasətin mahiyyəti isə onun təxribatçı xarakterli olmasından və regionda sülhün bərqərar olmasına qətiyyətlə qarşı çıxmaqdan ibarətdir.
Ermənistanın irəli sürdüyü əsas arqumentlərdən biri Qarabağın erməni əsilli sakinlərinin “əziyyət çəkdiyi” qondarma “blokada”, “aclıq” və “humanitar fəlakət” barədə bəyanatlardır.
Lakin burada da beynəlxalq ictimaiyyəti aldatmaq mümkün deyil. Avropanın bir sıra nüfuzlu nəşrləri artıq özləri araşdırma aparmağa nail olublar və şübhəsiz, erməni tərəfinin əsassız arqumentlərini ifşa edirlər.
Belə ki, Bolqarıstanda beş əsas xəbər agentliyi arasında yer alan “Fakti” xəbər portalında dərc olunmuş məqalədə siyasi şərhçi “Qarabağda heç bir aclığın olmadığının əyani sübutu olaraq ukraynalı deputat Vladimir Kreydenkonun təcrübəsini göstərib. O, Xankəndidə bir neçə korporativ yığıncaqlar üçün ət və balıq yeməkləri, pendir və pirojna sifariş verib və heç bir imtina almayıb”. Bu hadisə barədə, həmçinin, Ukraynanın əsas dövri nəşrlərindən biri olan, aylıq 13,6 milyon nəfərlik auditoriyası olan “Apostrof” yazıb.
Avropanın digər bir nəşri olan, Xorvatiyanın aylıq 3 milyon nəfərə yaxın auditoriyaya malik “Direktno” xəbər portalı yazır ki, Xankəndidə vəziyyət gərgin olmaqdan uzaq olub və belə də davam edir. Nəşr Ermənistanın hakim partiyasının nümayəndəsi Şirak Torosyanın “aclıq yoxdur, qarışqdan fil düzəltmək lazım deyil” sözlərini sitat gətirir.
Yunanıstanın ən məşhur qəzetlərindən biri olan, 43 milyon nəfərlik auditoriyası olan “Proto Thema” vurğulayır ki, erməni tərəfinin guya “humanitar faciə” barədə iddiaları Laçın-Xankəndi yolu ilə humanitar yüklərin maneəsiz hərəkəti və daşınması üzrə təsdiqlənmiş faktlarla təkzib olunur.
Kiprdə ən böyük qəzet olan “Philenews” da Qarabağda heç bir “humanitar faciə”nin yaradılmadığı ilə razıdır.
“Ruspərəst rejim əksini nə qədər israrla iddia etsə də, bölgədə nəinki blokada, həm də aclıq yoxdur”, – qəzetdəki materialda deyilir.
Beləliklə, çoxsaylı nümunələr göstərir ki, erməni təbliğatı əhəmiyyətini itirib, dünya ictimaiyyətini aldatmaq isə elə də asan deyil. Azərbaycan erməni yalanlarına rəğmən, Qarabağ bölgəsində heç bir humanitar problemin olmadığına dair danılmaz faktlar təqdim edir və öz fikrində qalır ki, bölgənin erməni əsilli sakinləri ağılla düşünərək, Bakı ilə əlaqələri yoluna qoymağa başlamalıdır.