
Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə xidmət haqqı müəyyənləşib.
Bununla bağlı “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il Qərarında dəyişiklik edilib.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün traslarla əlaqədar təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla), digər hallarda trasın uzunluğu 200 m-dək olduqda 300 manat, trasın uzunluğu 200 m-dən çox olduqda 300 manat + 200-dən çox olan hər metr üçün 0,8 manat (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) manat müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün isə xidmət haqqının məbləği hər kvadratmetrə görə 100,0 manat (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) müəyyən edilib.
