QARABAĞ DİRÇƏLİŞ FONDUNA İANƏ ETMƏK İMKANI MOBİL BANK TƏTBİQLƏRİNƏ ƏLAVƏ OLUNUB

Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək.

Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək.

Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.