Qarabağ Dirçəliş Fondu 2021-ci ildən etibarən ianələrin cəlb edilməsinə və bu vəsaitlərin risksiz investisiya alətlərinə yatırılmasına fokuslanıb. Müharibədən dərhal sonra ianələrin cəlb olunmasında əhəmiyyətli artım müşahidə edilib. Eyni zamanda, Fond sərbəst vəsaitlərin səmərəli idarə olunmasından əldə etdiyi gəliri artırmaqda davam edir. Məsələn, bu ilin birinci rübündə 9 milyon manat gəlir əldə edilmişdisə, ilin sonunda bu rəqəm 50 milyon manata çatıb.
Bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.
Fondun yaşıl enerji ilə bağlı müxtəlif ideyalar üzərində işlədiyini bildirən R.Hacıyev əlavə edib: “Bu layihələrə dair müzakirələr hələ yekunlaşmasa da, yaxın gələcəkdə konkret rəqəmlər və layihə detalları ictimaiyyətə təqdim ediləcək. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadiyyatın qurulmasına və sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır. Qarabağ Dirçəliş Fondu olaraq, həyata keçirdiyimiz bütün fəaliyyətlərin Azərbaycanın gələcək inkişafına xidmət edəcəyinə inanır və bu istiqamətdə əməkdaşlığa hər zaman açıq olduğumuzu vurğulayırıq”.