“QARABAĞ – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ÜRƏYİ” ADLI BEYNƏLXALQ MÜSABİQƏYƏ YEKUN VURULUB

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin həyata keçirdiyi “Qarabağ – Azərbaycan mədəniyyətinin ürəyi” adlı beynəlxalq müsabiqə layihəsinə yekun vurulub.

Layihənin məqsədi Ermənistanın işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyətinin və tarixinin ayrılmaz hissəsi olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılması olub.

Layihənin formatına əsasən, hər həftə üç qalib olmaqla müsabiqənin davam etdiyi beş həftə ərzində 13 ölkədən 15 nəfər seçilib. Türkiyə, Pakistan, Tacikistan, İran, Qırğızıstan və İndoneziya kimi ölkələrlə yanaşı, ABŞ, Estoniya, Braziliya, Polşa, Əlcəzair, Malayziya və Tunisdən olan iştirakçılar da müsabiqədə uğur qazanıblar. Sosial media vasitəsilə həyata keçirilən müsabiqədə təqdim edilən beş sual və Qarabağın Azərbaycan mədəni-tarixi irsi ilə bağlı məlumatlar ümumilikdə dünya üzrə 300 minə yaxın insana çatdırılıb. Ümumilikdə 30 ölkədən 20 mindən artıq sosial media istifadəçisi layihəyə fəal dəstək verib.

Xatırladaq ki, layihə Regional Mərkəzin beynəlxalq idarə heyətinin iyulda qəbul etdiyi qərara uyğun olaraq, “Qarabağ Azərbaycandır!” şüarı çərçivəsində Regional Mərkəzin növbəti fəaliyyəti kimi həyata keçirilib. Beş həftə davam edən müsabiqənin hər mərhələsində Azərbaycanın Qarabağdakı mədəni-tarixi irsi ilə bağlı intellektual suallar onlayn qaydada xarici gənclərə təqdim edilib və 18-35 yaş arasında Azərbaycan vətəndaşı olmayan gənclər müsabiqədə iştirak ediblər. Cavabların düzgünlüyü, əhatəliliyi və cavablandırma tezliyi kriteriyaları üzrə layihənin münsiflər heyəti hər həftə üç qalib müəyyənləşdirib və qaliblər xüsusi hədiyyələrlə (elektron cihazlar) mükafatlandırılıblar.

Müsabiqənin sonunda beş həftə ərzində biliyi, intellekti və marağı ilə fərqlənən ABŞ, Estoniya, Tunis, Malayziya və Pakistandan olan beş qalib təşkilatçılar tərəfindən müəyyənləşdiriləcək zamanda Azərbaycanın Qarabağ bölgəsinə səyahət imkanı əldə ediblər.