QARA DƏNİZ REGİON DÖVLƏTLƏRİNİN BÖHRAN SAHƏSİNƏ ÇEVRİLİR? – TƏHLİL

Ukraynaya məxsus “Sea Baby” tipli dəniz dronlarının Qara dənizdə Rusiyanın “kölgə donanması”na daxil olan “KAIROS” və “VIRAT” adlı sanksiya altındakı iki neft tankerini hədəfə alması bölgədə yeni gərginlik dalğası yaradıb. Hadisənin ən diqqətçəkən tərəfi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu hücumların ölkənin Xüsusi İqtisadi Zonasında baş verməsi barədə xəbərdarlıq etməsi və bütün tərəflərə ciddi siqnal göndərməsidir. Çünki Qara dəniz uzun zamandır Rusiya-Ukrayna müharibəsinin dolayı təsirlərini yaşasa da, son hücum regionun təhlükəsizlik arxitekturasının daha geniş miqyasda pozulması ehtimalını gücləndirir. Bu baxımdan Prezident Ərdoğanın “hücumları məqbul saymırıq” bəyanatı təsadüfi deyil. Türkiyə öz Xüsusi İqtisadi Zonasına daxil olan ərazilərdə naviqasiya, ticarət, enerji infrastrukturu və ekoloji təhlükəsizliyə cavabdehdir. Tankerin vurulduğu ərazinin məhz bu zona daxilində olması Ankara üçün məsələnin suveren hüquqlara toxunan milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Digər tərəfdən 2022-ci ildən bəri Türkiyə Montre Konvensiyasının 19-cu maddəsini tətbiq edərək müharibə aparan tərəflərin hərbi gəmilərinin boğazlardan keçidini məhdudlaşdırır. Ankara bu balans siyasəti ilə həm Rusiya, həm də NATO ilə münasibətlərdə sabit xətti qoruyur. Lakin Qara dənizdə dron hücumlarının intensivləşməsi Türkiyənin bu balansı daha çətin şərtlər altında qorumaq məcburiyyətində qalacağını göstərir. Çünki Qara dəniz Türkiyə üçün mühüm enerji və logistika arteriyasıdır. Dənizdəki gərginlik liman sığorta haqlarını artırır, neft və qaz nəqliyyat marşrutlarını risk altında qoyur, Türkiyə iqtisadiyyatına dolayı təsirlər yaradır. Bu səbəbdən Ankara üçün dron müharibəsinin dəniz ticarətinə yayılması strateji təhlükə hesab olunur.

Qeyd edək ki, “KAIROS” və “VIRAT” gəmiləri Qərb sanksiyalarından yayınmaq üçün istifadə olunan “kölgə donanması”na məxsusdur. Ukraynanın bu tankerləri hədəf seçməsi Rusiya neft ticarətindən əldə olunan gəlirlərin azaldılmasına yönəlib. Onu da qeyd edək ki, Ukraynanın “Sea Baby” dronları ucuz, aşkarlanması çətin və uzun məsafə qət edə bilən platformalardır. Son iki ildə bu dronlar rus gəmilərinə, Sevastopol bazasına, Krım sahillərindəki təsislərə dəfələrlə zərbə endirib və Kiyevin Qara dənizdə yeni əməliyyat üstünlüyü əldə etməsinə imkan verib. Daha əvvəl “Moskva” kreyserinin batırılması, Sevastopolda hərbi obyektlərin vurulması və Rusiyanın donanmasını daha şimal mövqelərinə çəkməsi Ukraynanın dəniz meydanında yeni situasiya yaratdığını göstərmişdi. Tanker hücumları isə bu xəttin növbəti mərhələsidir.

Hadisə Moskva üçün həm hərbi, həm də siyasi məna daşıyır və Rusiya Qara dənizdəki gərginliyin Türkiyə ilə münasibətlərə təsir etməsini istəmir. Bu səbəbdən Moskva qarşıdakı dövrdə Ankara ilə dəniz naviqasiyası, təhlükəsizlik zonaları, sanksiya altındakı tanker marşrutları mövzusunda daha sıx əməkdaşlığa başlayacaq. Əvvəllər olduğu kimi, Moskva dənizdə aldığı zərbələri Odessa və digər liman şəhərlərinə hava hücumları ilə kompensasiya edə bilər. Ancaq bununla belə dron hücumları Qara dənizdə yeni təhlükə modelinin artıq formalaşdığını göstərir. Artıq risk zonasına Türkiyə, Gürcüstan, Bolqarıstan və Rumıniya da daxildir. Hər hansı dron hücumu bu ölkələrin xüsusi iqtisadi zonalarını, limanlarını və dəniz nəqliyyatını təhdid edə bilər. Bu baxımdan baş vermiş son hadisə yalnız iki tankerə dəyən ziyanla ölçülmür, bu, regionun təhlükəsizlik sisteminə, dəniz ticarəti marşrutlarına və enerji logistikası xəritəsinə yönəlmiş strateji mesajdır. Türkiyənin sərt reaksiyası isə göstərir ki, Qara dəniz artıq yalnız Moskva və Kiyevin deyil, bütün region dövlətlərinin təhlükəsizlik gündəminə daxil olmuş böhran sahəsidir. Qarşıdakı aylarda Qara dənizdə “dron müharibəsi spiralının” daha da genişlənməsi, Türkiyənin isə balans siyasətini daha mürəkkəb şərtlər altında davam etdirməsi ehtimal edilir.

MTM Analitik Qrupu