Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbədən və ötən ilin sentyabrında suverenliyini bütün torpaqları üzərində bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda tarixi xarakerli transformasiya prosesi baş verir. Bu kontekstdə Azərbaycan üçün başlıca məqsəd regionun dünya geosiyasəti və geoiqtisadiyyatında rolunun daha da artmasına nail olmaqdır. Regionun lider ölkəsi qismində Azərbaycan bu istiqamətdə üzərinə düşən missiyaları layiqincə yerinə yetririr, müvafiq təşəbbüslərlə çıxış edir.
Bəllidir ki, hələ İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində bu məsələni diqqət mərkəzinə gətirib. Sonrakı mərhələdə də bu məsələ Azərbaycan tərəfindən aktuallaşdırılıb. Gürcüstan Azərbaycanın bu yanaşmasını dəstəkləsə də, Ermənistan müvafiq addımlar atmır. Bunun səbəblərindən biri də Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməsidir. Bu hal Cənubi Qafqazda vahid müzakirə platformasının yaradılması təşəbbüsünün reallaşmasına mənfi təsir edir.
Şübhəsiz ki, barəsində bəhs olunan vahid müzakirə platforması perspektivdə region ölkələri arasında daha sıx münasibətlərin qurulmasında özül rolunu oynaya, yeni əməkdaşlıq formatının qurulması yolunda əsas ola bilər. Belə hal barəsində bir əsrdən çoxdur ki, bəhs olunan “Qafqaz evi” və ya “Qafqaz İttifaqı” ideyasının reallaşmasına da gətirib çıxarmaq iqtidarındadır. Belə bir ittifaqın formalaşması Cənubi Qafqazın taleyinin həllində məhz bu coğrafiyada yerləşən ölkələrin özlərinin əsas söz sahibi olmasını şərtləndirəcək əsas faktorlardan biridir. Bu halda kənar qüvvələrin regiona öz məqsədləri naminə müxtəlif formada təsirlərini, bir sıra hallarda münaqişələr yaratmaq cəhdlərini uğurla neytrallaşdırmaq mümkün olacaq.
O da sirr deyil ki, müəyyən kənar qüvvələr Cənubi Qafqaz ölkələrinin müstəqillik və suverenliklərinə xələl gətirmək, onları vassal ölkələrə çevirmək məqsədi güdən siyasət yürüdürlər. Belə qüvvələrin çoxluğu onlar arasında geosiyasi rəqabətə də səbəb olur ki, bu, regionda hədəf kimi seçilmiş ölkəyə çoxsaylı problemlər yaradır.
Azərbaycana münasibətdə regiondankənar qüvvələrin bu siyasəti onlar üçün hansısa nəticəyə gətirib çıxarmadı və bundan sonra da çıxarması mümkün deyil. Halbuki, sözügedən məqsədlə Azərbaycana qarşı ən müxtəlif təzyiqlər işə salındı, fərqli metodlardan istifadə edildi, hədə-qorxular səsləndi. Ancaq bunlara qarşı Azərbaycan getdikcə daha böyük müqavimət gücü meydana qoydu. Ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra Azərbaycan daha güclü mövqe sahibinə çevrildi, belə qüvvələrə qarşı getdikcə güclənən dirəniş ortaya qoydu, həmçinin onların ifşası istiqamətində fəaliyyətini genişləndirdi. Fransa ilə bağlı baş verənlər bunun əyani təzahürlərindən biridir.
Hazırda Azərbaycanla ziddiyyətdən çox, ölkəmizlə əməkdaşlığa daha çox önəm verildiyi də diqqətdən yayınmır. Bu fonda Azərbaycanın təkcə MDB yox, artıq daha böyük coğrafi məkanda təsir gücünün artması da faktdır. İndi ölkəmizin əsas istəyi bütün Cənubi Qafqazın dünya siyasətində, iqtisadiyyatında rolunun artmasına nail olmaqdır. Amma bunun üçün regionun digər iki ölkəsi də Azərbaycanın yanaşmasına adekvat reaksiya sərgiləməlidirlər. Hadisələrin məhz bu səpkidə inkişafından ehtiyatlanan kənar qüvvələr “Qafqaz İttifaqı” ideyasının reallaşmasını hər vəchlə əngəlləməyə can atırlar. Bu məqsədlə onların Gürcüstan və Ermənistan üzərindən müxtəlif fəaliyyət həyata keçirdikləri aydın müşahidə olunur.
Faktdır ki, bu gün Gürcüstanda və Ermənistanda qlobal güclərin kəskin rəqabəti yaşanır. Ermənistanda bu istiqamətdə vəziyyət daha pisdir. Gürcüstanın isə müstəqil siyasət yürütmək cəhdlərinə ciddi maneələr yaradılır. ABŞ və Avropa İttifaqının son aylarda bu ölkəyə münasibətdə sərgilədikləri mövqe qeyd edilənləri olduqca dəqiq təsvir edir. Qərbin siyasəti Gürcüstanı vətəndaş qarşıdurmasına sürükləmək bahasına olsa belə, bu ölkə üzərində öz təsir vasitələrinə nail olmaq, onu yönəltməyə, Rusiya ilə qarşıdurmaya yönəltməyə çalışmaqdır.
Ermənistanla bağlı baş verənlər isə bu ölkənin mövcudluğunu davam etdirə bilməsini getdikcə daha böyük sual altına alır. Təbii ki, Ermənistan hakimiyyətinin xarici siyasətində yol verdiyi yanlışlıqlar da prosesdə az paya malik deyil. Hazırda Qərb ölkələrinin Ermənistanla bağlı siyasəti bu ölkəni Rusiya ilə daha böyük siyasi, diplomatik konfrontasiyaya sürükləyir. Belə vəziyyətdə Ermənistanın geosiyasi ziddiyət məkanı ola biləcəyi, bu ölkədə ikinci Ukrayna ssenarisinin işə düşə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar səslənir. Eyni zamanda kənar qüvvələrin diqtəsi Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına da ciddi əngəl yaradır. Bundan ən çox zərər görən tərəf də Ermənistanın özüdür. Sözsüz ki, kənar qüvvələrin təsiri altında qaldıqca, Ermənistanın üzləşdiyi problemlərin miqyası daha da genişlənəcək. Halbuki, Azərbaycanla münasibətlərin normallaşması, regional müstəvidə əməkdaşlığın möhkəmlənməsi Ermənistan üçün tamamilə yeni vəziyyət yarada bilər. Bunun üçün “Qafqaz evi” ideyasının da reallaşması istiqamətində Ermənistan müvafiq addımlar atmalıdır.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəkləri əməkdaşlıq kənar qüvvələrin məkrli məqsədlərinin həyata keçməsi yolunda ən böyük sədlərdən biri olacaq. Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, qarşılıqlı münasibətlərdə yeni mərhələnin açılmasına səbəb olacaq bu formatın həyata keçməsinə çalışır. Gürcüstan və Ermənistanın da adekvat addımlar atması halında Cənubi Qafqazda yeni vəziyyət yaranacaq, bu regiona kənar müdaxilə cəhdlərinə qarşı daha böyük müqavimət gücü formalaşacaq. Bundan da bütün region ölkələri faydalanacaq, onlar maraq və mənafelərinin təmin olunmasını daha əlverişli zəmində həyata keçirə biləcəklər.
MTM Analitik Qrup