QADIN SABLYAÇILARDAN İBARƏT AZƏRBAYCAN MİLLİSİ DÜNYA ÇEMPİONATINDA DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNƏ YÜKSƏLİB

İyulun 29-da İtaliyanın Milan şəhərində keçirilmiş qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçılar arasında komanda yarışına start verilib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Argentina millisinə 45:33 hesabı ilə qalib gəlib. Millimiz növbəti görüşdə Almaniya yığmasını 45:32 hesabı ilə məğlub edərək dünya çempionatında ən güclü 8-liyə yüksəlib.

Komandamız iyulun 30-da yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Koreya seçmə kollektivi ilə qarşılaşacaq.