Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2022-ci il üçün iş planı təsdiq olunub. İşğaldan azad olunmuş ərazilərdə məşğulluq strategiyası hazırlanacaq və məcburi köçkünlərin repatriasiya prosesi həyata keçiriləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib.
Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib. Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” Qanununa uyğun aparılması haqqında məruzələr dinlənilib.
Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq strategiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.