Azərbaycanın hazırda təkcə regionda deyil, ümumən Avropa geosiyasi arealında müstəqil siyasət yürütməsi, milli maraq və mənafelərini təmin etməsi, söz sahibinə çevrilməsi beynəlxalq miqyasda etiraf edilir. İqtisadi və siyasi müstəqilllik amili ölkədə milli birlik və həmrəyliyi gücləndirməklə yanaşı, rəsmi Bakının 2024-cü ildə xarici siyasətdə inamlı, çevik və qətiyyətli addımlar atmasını təmin edib.
Ölkə rəhbərliyi beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda milli təhlükəsizliyə qarşı risk və hədələrin zərərsizləşdirilməsi, xarici siyasət maraqlarının effektiv şəkildə təmini məqsədilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil, praqmatik xarici siyasət kursunu davam etdirib. 2024-cü il ərzində daxili sabitliyə və davamlı inkişafa arxalanan Azərbaycan qlobal çağırışlara çevik və adekvat reaksiya verib. Beynəlxalq yardım fəaliyyəti, iqtisadi əməkdaşlıq və qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə imkan yaradıb.
Prezident İlham Əliyev güclünün haqlı sayıldığı müasir dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclənməyin vacibliyini dəfələrlə vurğulayıb. Azərbaycan üzləşdiyi ədalətsiz münaqişənin beynəlxalq hüquqa və milli maraqlarına uyğun həlli üçün uzun illər ərzində iqtisadi cəhətdən güclənməyə, hərbi qüdrətini artırmağa, eyni zamanda, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına üstünlük verib. Lokal antiterror tədbirlərindən sonra erməni əsilli şəxslərin Qarabağdan könüllü köçü ilə bağlı qərəzli kampaniyanı 2024-cü ildə davam etdirən Ermənistan, eləcə də bu ölkənin havadarları beynəlxalq ictimaiyyətdən gözlədikləri dəstəyi ala bilməyiblər. Ölkə rəhbərliyi milli məsələlərdə heç zaman güzəştli mövqe tutmadığını, Azərbaycanla təzyiq dilində danışmağın mənasızlığını bu qüvvələrə dəfələrlə əyani şəkildə nümayiş etdirib.
Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatı bu baxımdan ölkəmizin hücum diplomatiyası yürütdüyünü bir daha təsdiq edir. İlin əvvəllində – yanvar ayında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının qərəzli və ədalətsiz mövqeyinə etiraz olaraq qurumdakı fəaliyyətini dondurması rəsmi Bakının bu istiqamətdə mühüm addımlarından olub.
Ölkəmiz son 30 ildə avrostrukturlara sivil inteqrasiya siyasəti yürüdüb, Avropa ölkələri ilə genişmiqyaslı əməkdaşlıq istiqamətində mühüm addımlar atıb, regionun enerji təhlükəsizliyində vacib ölkəyə çevrilib. Buna rəğmən, son illərdə Avropa İttifaqı, ATƏT və Avropa Şurası kimi təşkilatların ölkəmizə münasibətdə qərəzli, hətta ermənipərəst mövqedən çıxış etmələri, işğal faktının aradan qaldırılması faktı ilə barışmamaları rəsmi Bakını adekvat addımlar atmaq məcburiyyətində qoyub. Bu və digər təşkilatların qərəzli qətnamə və açıqlamaları ölkə diplomatiyası tərəfindən zamanında və adekvat şəkildə cavablandırılıb.
Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində işlər 2024-cü il ərzində də davam etdirilib. Noyabrın 19-da “Enerji Xartiyası Müqaviləsi” çərçivəsində Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulmasının təfərrüatlarını əks etdirən əsas iddia sənədi Daimi Arbitraj Məhkəməsinə təqdim edilib. İddia sənədində işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunub.
Rəsmi Bakının Ermənistana qarşı qaldırdığı digər iddia çərçivəsində aprelin 12-də Daimi Arbitraj Məhkəməsində “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına əsasən prosessual iclas keçirilib. Bu arbitraj iddiasında da Azərbaycanın ətraf mühitinə vurulan zərərə, biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə Ermənistanın məsuliyyətinin təsbit edilməsi və maddi təzminat ödəməsi əsas tələbdir.
Rəsmi Bakı güvənli diplomatiya yürüdərək ikitərəfli münasibətlərə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplər əsasında yanaşmanı zəruri hesab edir. Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın Qroznı şəhəri üzərində zərbəyə məruz qalması və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar rəsmi Bakının nümayiş etdirdiyi təmkinli, prinsipial və barışmaz mövqe qısa zamanda nəticəsini verdi. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəng edərək Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və qəzaya uğraması ilə bağlı üzrxahlığını ifadə etməsi deyilənlərin əyani sübutudur. Bu həm də ölkə rəhbərliyinin hər bir məsələdə xalqdan dəstək aldığını, ictimai dəstəyə söykəndiyini sübuta yetirən həssas məqamdır.
Qeyd edilənlər göstərir ki, rəsmi Bakı milli maraqları ilə bağlı heç bir ölkəyə, hətta yaxın müttəfiqlərinə belə güzəştə getmir. Azərbaycan beynəlxalq hüquqa əsas tutan dövlət olaraq hər bir dövlətin və təşkilatın qeyri-adekvat, ikitərəfli münasibətlərin xarakterinə zidd davranışlarına sərt müqavimət göstərir. Milli maraqları önə çəkən hücum diplomatiyası sayəsində ölkəmizə qarşı yönələn istənilən geosiyasi təhdid zamanında zərərsizləşdirilir.
MTM Analitik Qrup