QƏRBİN TƏHLÜKƏSİZLİK ARXİTEKTURASINDA YENİ MƏRHƏLƏ: RUSİYA–NATO ŞURASI LƏĞV EDİLDİ

NATO-nun baş katibi Mark Ruttenin xarici işlər nazirlərinin iclası zamanı Rusiya-NATO Şurasının ləğv olunduğunu açıqlaması Avroatlantik təhlükəsizlik sistemində mühüm siyasi siqnaldır. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin təsdiqlədiyi bu qərar yalnız texniki prosedur deyil, Avropada təhlükəsizlik fəlsəfəsinin köklü transformasiyasının simvoludur. Sikorskinin “Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO-nun təsis aktı da yoxdur” bəyanatı bu strukturun həm siyasi legitimliyinin, həm də funksional rolunun tam şəkildə aradan qalxdığını göstərir.

2002-ci ildə yaradılan Rusiya-NATO Şurası Şimali Atlantika Alyansı ilə Moskva arasında dialoqu gücləndirməyi, qarşılıqlı etimadı artırmağı və regional təhlükəsizliklə bağlı birgə mexanizmlər qurmağı hədəfləmişdi. Lakin 2014-cü ildə Krımın ilhaqından sonra bu çərçivə formal xarakter aldı, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələyə keçdiyi 2022-ci ildən etibarən isə tamamilə dondurulmuş vəziyyətə düşdü. Bütün son onilliklər ərzində Şuranın fəaliyyəti nə qarşılıqlı etimadı bərpa edə bildi, nə də qarşıdurmaların qarşısının alınmasına real təsir göstərdi. Bu baxımdan, strukturun ləğvi faktiki olaraq uzun müddətdir işləməyən siyasi mexanizmin rəsmi testinə bərabərdir.

Radoslav Sikorskinin “Bu qərarı çoxdan gözləyirdik” sözləri Polşanın təhlükəsizlik konsepsiyasının sərt konturlarını əks etdirir. Varşava son illərdə öz strategiyasını “zəif Rusiya – güclü NATO” doktrinası üzərində qurub və Moskva ilə institusional əməkdaşlığın dondurulmasını Avropanın müdafiə qabiliyyətinin əsas şərti hesab edir. Polşa üçün Rusiya yalnız hərbi təhdid deyil, həm də Ukraynanı zəiflətməklə bütün Mərkəzi və Şərqi Avropanın müdafiə dayaqlarını sarsıtmağa çalışan geopolitik aktordur. Şuranın ləğvi Polşanın diplomatik kursunun gerçəkləşməsi, Avropa təhlükəsizliyində “sərt xətt” tərəfdarlarının mövqeyinin güclənməsi deməkdir.

Qərarın məhz indi verilməsi də təsadüfi deyil. Son həftələr ABŞ administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin eskalasiyasının qarşısını almaq üçün aktiv diplomatik xəttə keçməsi müşahidə olunur. Vaşinqtonun həm Moskva ilə təmasları genişləndirib, həm də Kiyev hökumətini kompromisə hazırlamaq yönündə addımlar atır. Bu kontekstdə Rusiya-NATO Şurasının ləğvi bir neçə mühüm mesaj verir. Birincisi, Qərb Moskva ilə dialoqu çoxvektorlu formatlardan çıxarır. Şuranın ləğvi Vaşinqton və Brüsselin Rusiya ilə münasibətləri artıq institusional mexanizmlər vasitəsilə tənzimləməkdən imtina etdiyini, daha çox ikitərəfli və qapalı diplomatik kanallara üstünlük verdiyini göstərir. Bu, ABŞ-ın münaqişənin genişlənməsinin qarşısını almaq üçün daha çevik və nəzarətli danışıqlar xətti seçdiyinə işarədir. İkincisi, NATO təhlükəsizlik arxitekturasını yenidən qurur. Belə ki, Rusiya-NATO Şurasının ləğvi alyansın “köhnə təhlükəsizlik illüziyalarından” qurtulması kimi dəyərləndirilir. NATO Avro-Atlantik məkanın təhlükəsizliyini daha real təhdidlər üzərində yenidən modelləşdirməyə çalışır. Üçüncüsü, ABŞ Avropanı Rusiyaya qarşı monolit mövqeyə gətirir. Bu qərar Avropa daxilində bəzən yaranan yumşaq mövqelərin konturlarını zəiflədir. ABŞ və NATO “vahid təhlükəsizlik konsepti” formalaşdırmağa çalışır və Şuranın ləğvi bu konsensusun elementlərindən biridir. Qərarın müharibə fonunda Ukrayna üçün strateji nəticələrinə gəldikdə qeyd edə bilərik ki, Qərbin Rusiya ilə müzakirə platformalarını məhdudlaşdırması Kiyevin mövqeyinə psixoloji və siyasi dəstəkdir. Moskva artıq NATO ilə dialoq imkanı olmayan mühitlə üzləşir. Bu, Kremlin diplomatik manevr sahəsini daraldır və onun diqqətini ABŞ-Rusiya ikitərəfli kanallarına yönəldir. Bir sözlə, Rusiya-NATO Şurasının ləğvi sadəcə bir strukturun bağlanması deyil, beynəlxalq münasibətlər sisteminin yeni geosiyasi reallıqlara uyğunlaşmasının rəsmi etirafıdır. Bu qərar həm ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin genişlənməsinin qarşısını almaq üçün fəallaşdığı, həm də NATO-nun Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurduğu bir dövrdə qəbul olunub. Beləliklə, proses həm regional, həm də qlobal miqyasda Rusiya ilə Qərb arasında strateji rəqabətin daha açıq və daha az illüziyalı mərhələyə keçdiyini göstərir.

MTM Analitik Qrup