QƏRBİ AZƏRBAYCANLILARIN QAYIDIŞI MİLLİ STRATEJİ MƏQSƏDDİR

Prezident İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılışında Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağına əminliyini bir daha ifadə etməsi son günlərdə Qarabağ ermənilərinin qayıdışı ilə bağlı beynəlxalq miqyasda başladılan mənfur kampaniyalar fonunda çox əhəmiyyətli idi. Dövlət başçısı bildirdi ki, “üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.

Bu bəyanat Azərbaycanın suveren hüquqlarına hörmətsizlik edən, erməni separatizmini dəstəkləyən bəzi beynəlxalq aktorların son hərəkətlərinə cavab kimi də qiymətləndirilə bilər. Digər tərəfdən dövlət başşısının ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etməsi baxımından da vacibdir. Çünki Qarabağdakı son proseslərdən sonra erməni əhalisinin bölgəni könüllü tərk etməsi bəzi dairələr tərəfindən siyasi alətə çevrilib. Beynəlxalq media və siyasi dairələr Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi hüquqi və suveren tədbirləri təhrif edərək, bölgəni tərk edən ermənilərin taleyi üzərindən təzyiq yaratmağa çalışırlar. Bu mənfur kampaniyaların əsas məqsədi Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham etmək və regionda sülh prosesinə mane olmaqdır. Halbuki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarını tam şəkildə qorumağa hazır olduğunu dəfələrlə bəyan edib və onları Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün konkret addımlar atmağa hazır olduğunu bildirib.

Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdacağına əminliyi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Qərbi Azərbaycan hazırda Ermənistan Respublikası ərazisində yerləşən və vaxtilə azərbaycanlıların yaşadığı tarixi torpaqlardır. XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif dövrlərdə azərbaycanlılar bu ərazilərdən məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev isə dəfələrlə beynəlxalq tribunalardan bu tarixi ədalətsizliyə diqqət çəkib və Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib. Ona görə də Azərbaycan Prezidentinin bu məsələdəki qətiyyətli mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdacağına dair inamı Azərbaycanın milli suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpası istiqamətində növbəti addım kimi qiymətləndirilə bilər. Bu, qətiyyən Ermənistana qarşı Azərbaycan tərəfindən irəli sürülən hər hansı ərazi iddiası kimi qəbul olunmamalıdır. Çünki dövlət başçısı bir neçə dəfə deyib ki,  biz Qərbi Azərbaycana tank üstündə deyil, sülh yolu ilə qayıdacağıq. Bu mənada Prezident İlham Əliyev Ermənistanın 30 il davam edən işğalına son qoyub Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərini davam etdirir, Qərbi azərbaycanlıların da öz yurdlarına qayıtması üçün ortaya eyni əzm və iradə qoyur.

Bu prosesin sülh yolu ilə, beynəlxalq hüququn təmin etdiyi qaydalar çərçivəsində baş tutması Azərbaycan üçün prioritetdir. Qərbi azərbaycanlıların qayıdışı bölgədə uzunmüddətli sabitlik və sülh üçün zəruri addımlardan biri kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bu mövqeyi həm də Azərbaycanın gələcəkdə bölgədə yaratmağa çalışdığı sülh və barışıq atmosferinin bir hissəsidir. Ermənilər və azərbaycanlıların tarixi yurdlarına qayıdışı, qarşılıqlı etimadın bərpası və birgə yaşayış modeli kimi regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Bu bəyanatlar fonunda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə də açıq mesaj verir: Azərbaycan beynəlxalq hüququn tərəfdarıdır, lakin heç bir təzyiq və ya təhrif edilmiş kampaniyalara boyun əyməyəcək. Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı Azərbaycanın milli strateji məqsədləri arasında qalmaqda davam edəcək. Çünki Azərbaycanın bu mövqeyi həm tarixi ədalətin bərpasına, həm də regionda davamlı sülhə töhfə verməyə yönəlib. Bu kontekstdə, beynəlxalq ictimaiyyətin də Ermənistanın etnik təmizləmə və separatçı siyasətlərinə göz yummaması, əksinə, hüquq və ədaləti müdafiə etməsi vacibdir.

MTM Analitik Qrup