QƏRBİ AZƏRBAYCANLA BAĞLI SAYTIN VƏ “DANIŞIR TARİX” FİLMİNİN TƏQDİMATI OLUB

Oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filmin təqdimatı olub.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə tədbirin əhəmiyyətindən və bu cür müzakirələrin insan hüquqlarının müdafiəsindəki rolundan bəhs edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov isə öz nitqində vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin əhəmiyyətini vurğulayıb və bu sahədə görülən işlər barədə danışıb.

Sonra çıxış edən İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

“Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytlarda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-ə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib”, – deyə Cəsarət Hüseynzadə bildirib.

Sonra “www.qerbiazerbaycanirsi.az” saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.

İctimai Birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində “Danışır tarix” adlı film də hazırlanıb. Filim “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir.

C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.

Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.

Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.

Tədbirin sonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən bir qrup deputat, tarixçi və araşdırmaçı alim fəxri fərmanlarla təltif ediliblər.