QƏRBİ AZƏRBAYCAN TELEVİZİYASININ YARANMASININ BİR İLLİYİ MÜNASİBƏTİLƏ TELEKANALIN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi münasibətilə Televiziyanın əməkdaşları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov əvvəlcə səfərdə olduğu üçün görüşdə iştirak edə bilməyən İcmanın İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını və təbriklərini televiziyanın heyətinə çatdırıb.

Qalib Qasımov bildirib ki, televiziya yarandığı gündən Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb. Bu gün zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə Qərbi Azərbaycan Televiziyası mütəmadi olaraq tamaşaçılarının görüşünə gəlir. Aparat rəhbəri televiziyanın işinə könüllü olaraq dəstək verən ziyalılarımıza da dərin təşəkkürünü çatdırıb.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışında televiziyanın yaradılmasının soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdışı istiqamətində aparılan işə, o cümlədən maddi-mədəni irsimizin dağıdılmasına diqqət çəkilməsi məsələlərinə töhfəsini verdiyini deyib. O, televiziyanın daha əvvəl onlayn şəkildə fəaliyyət göstərdiyini, mayın 1-də isə Qərbi Azərbaycan Televiziyasının yeni binasının istifadəyə verildiyini xatırladaraq bütün imkanlarla təchiz olunmuş ofisə görə İcmaya təşəkkürünü ifadə edib.

Televiziyanın digər əməkdaşları da çıxışlarında fikirlərini bölüşüb, təkliflərini sələndiriblər.

Tədbir Qərbi Azərbaycan Televiziyasının səsinin soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışından sonra Qərbi Azərbaycandan gəlməsi niyyətinin ifadə olunması ilə yekunlaşıb.

Qeyd edək ki, 2023-cü il avqustun 1-də yaradılan Qərbi Azərbaycan Televiziyası əvvəlcə onlayn şəkildə fəaliyyət göstərib. “Müzakirə vaxtı”, “Xəbər vaxtı”, Maddi-mədəni irsimizə aid buraxılışlarla efirə çıxan televiziya 2024-cü il mayın 1-də İcma tərəfindən yeni təmirdən çıxmış binaya köçdükdən sonra efir siyasətini də dəyişib. Həmin tarixdən etibarən kanal gündə iki saat olmaqla Azərbaycan, rus və ingilis dillərində buraxılışlar və verilişlər yayımlamağa başlayıb. Efir cədvəlinə “Ulu Öndər və Qərbi Azərbaycan”, “Qərbi Azərbaycana doğru”, “Addım-addım Qərbi Azərbaycan”, “İnsanlıq əleyhinə”, “Ziyalı”, “Ədəbi İrəvan”, “Deportasiyaya uğrayan İrs”, “Qərib Qərbi azərbaycanlılar”, “İnsan hekayəsi”, “Qərbi Azərbaycan ləzzətləri” kimi verilişlər əlavə olunub.

Televiziya “Xəbər vaxtı” və “Müzakirə vaxtı” kimi verilişlərdə ölkənin gündəlik həyatında baş verən mövzulara aktiv şəkildə toxunmaqla əsasən Qərbi Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.