Qərbi Azərbaycan İcmasında Amerika Birləşmiş Ştatlarının Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen və İcma rəsmiləri arasında görüş keçirilib.
İcmadan verilən məlumata görə, QAİ Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, QAİ Gənclər Şurasının sədr müavini Kamal Cəfərov və İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri – Mətbuat Katibi Ülviyyə Zülfiqar iştirak etdiyi görüşdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.
Məlahət İbrahimqızı bildirib ki, bu deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, o cümlədən 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın qəbristanlıq da yerlə yeksan edilib.
Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib. Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-da da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.
Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından eşitmiş olsa da, indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu. O, Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.