QƏRBİ AZƏRBAYCAN İCMASI: RƏSMİ İRƏVANIN SÜLH MÜQAVİLƏSİ İMZALAMAQ, AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİASINA SON VERMƏK NİYYƏTİ YOXDUR

Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd olunub.

“Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Ermənistanın mövqeyi əslində aşağıdakı kimidir: Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü o halda tanıyır ki, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”.

Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix N.Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır.

Təəssüf ki, Ermənistanın baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, həm də bölgədə vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv etmişdir.

Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməli və Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır”, məlumatda qeyd olunub.