QƏRBİ AZƏRBAYCAN İCMASI BMT TƏHLÜKƏSİZLİK ŞURASININ TƏCİLİ İCLASI İLƏ BAĞLI BƏYANAT VERİB

Qərbi Azərbaycan İcması Ermənistanın “humanitar böhran” şousu altında BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışması niyyəti ilə əlaqədar bəyanat verib.

Bildirilib ki, 30 il ərzində Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan, hətta onlara istinad edilməsinə dözümsüz münasibət göstərən Ermənistanın indi Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir.

“Ermənistanın beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində görməli olduğu iş öz ərazisindən qovduğu yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

Qərbi Azərbaycan İcması Ermənistanın bu hərəkətini onun Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid etməsi, daxili işlərinə kobud müdaxiləsi və 2022-ci il oktyabr Praqa və Soçi, 2023-cü il iyul Brüssel bəyanatlarında yer almış suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması müddəasından geri çəkilməsi kimi qiymətləndirir və Ermənistanı regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırır”, – bəyanatda deyilir.