
Azərbaycanın regionda sülh gündəliyini diktə etməsi fonunda erməni lobbisi və diasporunun aşkar təsirləri duyulan müəyyən beynəlxalq təşkilatlarının və dövlətlərin ölkəmizlə bağlı qərəzli iddiaları son illərdə daha geniş vüsət alıb. Aşkar görünür ki, müəyyən həmin dairələr regionda erməni separatizminə birdəfəlik son qoyması faktı ilə heç cür barışmaq istəmirlər.
Fransanın ölkəmizə qarşı ifrat qərəzi, proseslərə Ermənistanın maraqları müstəvisindən yanaşması xüsusilə hiddət doğurur. Uzun illər Ermənistanın təcavüzkarlıq və etnik separatçılıq siyasətini himayə edən Fransa Azərbaycanın qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoymasından sonra dərin məyusluq içindədir. Ermənistan-Fransa tandeminin ölkəmizə qarşı “etnik təmizləmə” iddiaları ilə apardıqları qərəzli kampaniyaların son iki ildə beynəlxalq platformalarda uğursuzluğa düçar olması fonunda rəsmi Paris müəyyən təşkilatlardan “təzyiq aləti” kimi yararlanmağa çalışır.
Qərbin bəzi aparıcı dövlətləri və siyasi təşkilatlarının ərazi bütövlüyü məsələsinə “ikili standartlar”dan yanaşmaları nəinki beynəlxalq hüquq normalarına ziddir, eləcə də separatizmə aşkar dəstəkdir. Son 10 ildə Ukraynanı ciddi şəkildə dəstəkləyən, ona hər cür dəstəyi göstərən Qərb dövlətləri və siyasi institutları 30 il analoji situasiya ilə üzləşmiş Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və ərazisində separatçılığa son qoyması ilə barışa bilmirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bəzi beynəlxalq təşkilatların və ölkələrin ikili standart siyasətini üzə çıxarır.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin bu günlərdə ölkəmizdə aparılan bəzi istintaq işləri və məhkəmə qərarları ilə əlaqədar səsləndirdiyi qərəzli açıqlamalar da anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Müstəqil, qətiyyətli xarici siyasət yürüdərək Fransa və digər bəzi Qərb dövlətlərinin ikili standart yanaşmalarını ifşa edən rəsmi Bakının nədən bu cür absurd ittihamlara üzləşməsinin səbəbləri aydındır. Müəyyən ermənipərəst qüvvələr Avropa Şurasına üzv dövlətləri hədəfə almaq, dar maraqlarını təmin etmək üçün təşkilatdan “platforma” kimi istifadəyə çalışır, onun əsas prinsiplərinə etinasız yanaşırlar.
Rəsmi Bakı bu kimi neqativ meyillərə qarşı hər zaman barışmaz mövqe tutub, təşkilatı ikili standartlardan əl çəkməyə çağırıb. Ölkəmizin üzləşdiyi haqsız münasibətə etiraz olaraq Azərbaycan nümayəndə heyətinin 2024-cü ilin yanvar ayında AŞ PA-dakı fəaliyyətini dondurmağa qərar verməsi ölkəmizin qətiyyətli diplomatiya yürütdüyünü bir daha təsdiqləyib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan 24 illik üzvlüyü dövründə sözügedən təşkilatın ikili standartlardan çıxış etməsini, təcavüzkar Ermənistanı əsassız şəkildə himayə etməsini, “siyasi məhbuslar”, “insan hüquqları” kimi mövzularda siyasi manipulyasiyaya yol verməsini sərt tənqid edib.
Avropa Şurasının Nizamnəsinə görə, üzv ölkələr biri-birinin ərazi bütövlüyü və suverenliyini tanımalıdırlar. Nümayəndə heyətimizin uğurlu fəaliyyəti nəticəsində AŞ PA Ermənistanın işğalçı dövlət olduğunu bir sıra qətnamələrində qeyd etsə də, təcavüzkar ölkə səsvermə hüququndan məhrum edilməyib, törətdiyi ağır müharibə cinayətləri lazımi hüquqi-siyasi qiymət almayıb.
Bu gün Fransa və bir sıra digər Qərb dövlətlərinin qlobal siyasi proseslərə münasibətində obyektivlik, ədalət və beynəlxalq hüquq prinsipləri deyil, kolonializm, xristian təəssübkeşliyi və islamafobiya əsas meyara çevrilib. İslamofob və neokolonial siyasəti, təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi, “sarı gödəkçəlilər”in aksiyalarda zorakılığa məruz qalmaları, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdəki etiraz aksiyalarını silah gücünə boğması fonunda Fransanın hansı səbəbdən Qərb təsisatları tərəfindən tənqidlə üzləşməməsinin səbəbləri haqlı suallar doğurur.
Xarici İşlər Nazirliyinin aprelin 29-da yaydığı açıqlamada bununla bağlı haqlı olaraq deyilir: “Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər Avropa Şurası ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq”.
İkinci Qarabağ müharibəsindən sonra ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlar, “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency, “Article 19” kimi qurumlar dini-etnik yaxınlıq amillərini əsas tutaraq Ermənistan və Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol veriblər. Lakin ölkəmizin əsas hədəfinə çatması, Cənubi Qafqazda daha güclü mövqe sahibinə çevrilməsi regiona bu cür neqativ təsirlərin neytrallaşdırılması baxımından əlverişli olub. Hazırda Fransa başda olmaqla, bir sıra dövlətlər və təşkilatlar məkrli məqsədlərinə çatmaq üçün yeni vasitələr axtarır, demokratiya və insan hüquqları kimi mövzuları əldə “bəhanə” edirlər.
Real vəziyyətin təhlili informasiya təxribatlarının əsasən iki istiqamətdə qurulduğunu göstərir. Məqsəd Azərbaycana qarşı qarayaxma kampaniyasını genişləndirmək və Ermənistanı revanşizmə təhrik edərək, sülh sazişinin imzalanmasına mane olmaqdır. Həmin qüvvələr iki ölkə arasında yekun sülh sazişinin imzalanmasından sonra Ermənistana təsir imkanlarını itirəcəklərini də yaxşı başa düşürlər.
Rəsmi Bakı hesab edir ki, hazırda sülhün əsas şərtlərindən biri Ermənistanın və onun havadarlarının beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız kampaniyalara, iddialarına son qoymalarıdır. Belə ki, danışıqların intensivləşdiyi və başa çatmaq üzrə olduğu bir zamanda ölkəmizə qarşı əsassız iddiaların səsləndirilməsi etimad quruculuğu prosesinə ciddi zərbə vurur.
MTM Analitik Qrup