
Getdikcə daha böyük sürətlə qütbləşən dünyada dövlətlərin öz suverenliklərini və milli maraqlarını qoruması heç də hamıya müyəssər olmur. İndi bəzi ölkələrin öz müstəqilliklərini itirməsi, təsir altına düşməsi, bəzən milli maraqlarını qurban verməsi kimi hallara da geniş rast gəlinir. Belə vəziyyətdə həmin ölkənin öz mənafeyinə uyğun strateji qərarlar qəbul etmək qabiliyyəti də arxa plana düşür və nəticədə milli suverenliyin qorunması da mümkünsüz hala çevrilir.
Dünya təcrübəsi onu da təsdiq edir ki, öz diplomatik, iqtisadi və hərbi strategiyalarını sərbəst şəkildə müəyyən edə bilən ölkələr daxili və xarici işlərini, proseslərin axarını uğurla nəzarətdə saxlayırlar. Yeni dünya nizamının qurulmasında bütün bunların həyati əhəmiyyəti daha da artır. Məsələ burasındadır ki, qlobal nizam artıq tək bir fövqəldövlətin hökmranlığı altında deyil, o, təsirin müxtəlif ölkələr və regionlar arasında paylandığı çoxqütblü sistemlə əvəz olunur. Müstəqil xarici siyasət bu kontekstdə dövlətə hansısa ittifaqlara və ya ideoloji düşərgələrə bağlanmadan müxtəlif aktorlarla eyni dərəcədə, bərabərhüquqlu əsasda münasibətlər qurmağa imkan verir. Bu hal ölkələrə dəyişən geosiyasi mənzərələrə uyğunlaşmağa, qarşılıqlı fayda əsasında praqmatik tərəfdaşlıqlar qurmağa imkan verir. Yeni dünya tarixində Azərbaycan bünun ən yaxşı nümunələrindən birini yaradıb.
Ölkəmiz bu gün təkcə Avrasiya yox, ümumən beynəlxalq aləmdə bir çox hadisələrin inkişaf axarının müəyyən olunmasında həlledici subyektlərdən biri kimi çıxış edir. Bu reallıq xüsusən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar kontekstində özünü daha qabarıq şəkildə büruzə verir. Amma Azərbaycanın bu uğurlarını hələ də həzm edə bilməyib ölkəmizə qarşı fəaliyyət göstərənlər də məkrli niyyətlərindən, hərəkətlərindən əl çəkməyiblər. Hələ ötən ilin fevralında Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bu xüsusda qeyd edib: “Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.
Azərbaycan ona düşmən münasibətdən yanaşanlara böyüklüyündən, kiçikliyindən, imkanlarından, resurslarından asılı olmayaraq, tam adekvat şəkildə cavab verdiyini ötən dövr ərzində nümayiş etdirib. Ancaq hələ də bundan müvafiq nəticə çıxarmayanlar, ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkməyənlər var. Düzdür, hər zamankı kimi onların niyyət və məqsədləri iflasa uğrayır və bundan sonra da uğrayacaq. Xüsusən də o kontekstdə ki, Azərbayan getdikcə daha qüdrətli ölkəyə çevrilir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu davamlı şəkildə möhkəmləndirir. Eyni zamanda ölkəmizə qarşı düşmən mövqeyində olanlarla bağlı preventiv tədbirlərin də miqyası genişləndirilir.
O da maraqlı nüanslardan biridir ki, belə qüvvələrin əksəriyyəti Qərb düşərgəsini təmsil edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində qeyd olunan kontekstdə diqqəti ona yönəldir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra ölkəmzi cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar: “Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar. Bu səylərin heç biri uğurlu olmayıb… Yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub”. Qərbdə məkrli dairələrin planlarının puç olmasına rəğmən, onlar fəaliyyətlərinə son verməyiblər. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) timsalında növbəti dəfə görmək mümkündür. Sözügedən qurumun prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddialar, böhtanlar bunun növbəti təzahürüdür.
Xatırlanmalıdır ki, AŞPA-nın iclaslarında Azərbaycan nümayəndə heyətinin hələ də iştirak etməməsinə baxmayaraq, burada ölkəmiz əleyhinə fəaliyyətə son qoyulmayıb və təşkilatın müxtəlif təmsilçilərinin açıqlamaları da təsdiq edir. Görünən odur ki, anti-Azərbaycan qüvvələr yenə AŞPA-dan ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq məqsədilə istifadə edirlər, bəzi təmsilçilər isə səlahiyyətlərini aşırlar, müəyyən qüvvələrin əlində vasitəyə çevrilirlər. Teodoros Rusopulosun səsləndirdiyi fikirlər bütün bunlara əyani nümunə qismində göstərilə bilər.
Qeyd edilməlidir ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən sözügedən şəxsə lazımi cavab verilib. Qurumun mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur: “Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət, Avropa Parlamentində də mövcuddur”. Xatırlatmaq lazım gəlir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.
O da danılmaz həqiqətdir ki, AŞPA-da belə qərəzli mövqe daha çox bu qurumun özünə zərər vurur, onun onsuz da zədələnmiş nüfuzunu alt-üst edir. İstər AŞPA, istərsə də digər dairələrdə anti-Azərbaycan planlarının bundan sonra da fiaskoya məhkum olacağı qaçılmaz prosesdir, aksiom xarakterinə malikdir. Azərbaycanın xarici siyasətində müstəqil və ardıcıl hərəkət etməsi, yeni tərəfdaşlıq münasibətləri qurması beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha çox rəğbət qazanır. Bu gün dünyada ölkəmizə prinsipial aktor kimi yanaşıır. Elə bundan irəli gəlir ki, indi bəzi münaqişələr, ziddiyyətlər Azərbaycanın vasitəçiliyi sayəsində həll edilir, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda liderlik missiyasını yerinə yetirir. Azərbaycanın artan nailiyyətləri ölkəmizə qarşı qərəzli mövqedə olanlara ən tutarlı cavablardan biri olmaqla yanaşı, həm də onların fəaliyyətlərinin nəticəsinin iflasla şərtlənməsində mühüm rol oynayır.
MTM Analitik Qrup