QƏRB ERMƏNİSTANIN RUSİYA İLƏ İQTİSADİ ƏLAQƏLƏRİNƏ NƏ ÜÇÜN GÖZ YUMUR?

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə Ermənistanda hakimiyyətə gələndəndə sonra ölkənin həyatında bir çox dəyişikliklər baş verib. Əsas dəyişiklik təbii ki, Ermənistan hakimiyyətinin Rusiyanın hərbi-siyasi təsirindən çıxması üçün fəaliyyətə başlamasıdır. Bununla bağlı İrəvan adminstrasiyası indiyə qədər çox addımlar atıb. Rusiya sərhədçilərinin ölkə sərhədlərindən çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərinin boykot edilməsi və Ermənistanın bu təşkilatda fəaliyyətini dondurması məhz bu qəbildəndir. Bütün bunlar isə vaxtaşırı Rusiya ilə Ermənistan arasında hərbi-siyasi böhranın yaranmasına gətirib çıxarıb. Rusiya rəsmiləri dəfələrlə müxtəlif bəyanatlar verərək Ermənistan hakimiyyətini ciddi tənqid edib, onu qərbyönümlü olmaqda, Moskvaya qarşı yönələn addımları Qərbin təsiri altında atmaqda ittiham edib. Bəs görəsən, Qərbin ərköyün uşağı olan Ermənistanın son iki ildə Rusiya ilə ticarət dövriyyəsinin artması hansı reallıqdan qaynaqlanır. Necə olur ki, siyasi münasibətləri bu qədər bərbad olan iki ölkə arasında ticarət mübadiləsinin ildırım sürəti ilə artmasına təsir edən amillər nədən ibarətdir?

Rəsmi məlumatlara görə, Ermənistanla Rusiya arasında ticarət mübadiləsinin həcmi Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın dövründə heç vaxt 2 milyard dolları keçməyib. Baxmayaraq ki, onlar Kremlin ən yaxın müttəfiqləri idi. Lakin 2023-cü ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi birdən birə 8 milyard dollara, bir il sonra isə 15 milyard dollara qalxıb. Bu sıçrayış özlüyündə təbii suallar doğrur və siyasi münasibətləri gərginlik içərisində olan iki ölkənin iqtisadi münasibətlərdəki bu dinamikasının normal məcrada inkişaf etmədiyi qənaətini gücləndirir. Düzdür, Ermənistan əhəmiyyətli dərəcədə Rusiya iqtisadiyyatından asılıdır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır, həmçinin Ermənistanın enerji ehtiyaclarının böyük hissəsini təmin edir. Rusiya ilə olan iqtisadi əlaqələr Ermənistanın inkişafı üçün kritik rol oynayır. Hətta bir müddət əvvəl Nikol Paşinyan Rusiya ilə siyasi və hərbi sahədə əməkdaşlığın problemlərinin iqtisadi əlaqələrə təsirindən danışarkən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü davam etdirəcəyini, orada qalmağın ölkəsinin maraqlarına cavab verdiyini demişdi. Çünki Avrasiya İqtisadi İttifaqı xüsusilə gömrük və ticarət sahəsində qarşılıqlı faydalı şərtlər təmin edir, bu isə Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına təsir edən ciddi amillərdən biridir. Nəzərə almalıyıq ki, Ermənistanın digər regional tərəfdaşları ilə iqtisadi əlaqələri məhduddur. Bu mənada Avrasiya İqtisadi İttifaqı hazırda İrəvan üçün bir nəfəslik rolunu oynaya bilir. Lakin ümumi mənzərəyə nəzərə salanda da bütün bunların ticarət mübadiləsinin bu cür yüksəlməsinə əsas vermədiyi aydın olur. Əsas iddia Qərbin ağır sanksiyalarına məruz qalmış Rusiya iqtisadiyyatının əhəmiyyətli hissəsinin Ermənistan vasitəsilə idarə olunmasıdır. Bir növ Ermənistan hazırda Rusiyaya məxsus vəsaitlərin dünya bazarında dövriyyədə qalmasında əsas funksionerlərdən biri kimi çıxış edir. Rusiya siyasi münasibətlərin gərginliyini bir kənara qoyub bu pulların diri qalmasına çalışır, Ermənistan isə vəziyyətdən istifadə edib varlanmağa çalışır. Bunu Qərb də bilir və onlar Rusiya ilə iqtisadi əlaqələrin kəsiləcəyi təqdirdə Ermənistanın üzləşəcəyi ağır vəziyyəti diqqətdə saxlayır və onu bu kimi hallardan yayındırmağa çalışırlar. Təsadüfi deyil ki, Ermənistan enerji tələbatını əsasən Rusiyadan təmin edir. Bu, xüsusilə qaz və elektrik enerjisi sahəsindəki əlaqələrə aiddir. Digər tərəfdən əhalinin də əsas dolanışıq mənbəyi Rusiyadır. Ermənistandan Rusiyanın müxtəlif bölgələrinə gedən çoxsaylı miqrantlar ölkələrinə qazanc göndərir. Buna görə də qərbli tərəfdaşlar Ermənistanı mümkün risqlərdən qorumaq üçün onun Rusiya ilə iqtisadi əlaqələrinə göz yumur, iqtisadi əlaqələrin Moskvanın əlində təzyiq vasitəsinə çevrilməsini istəmir. Belə olan halda Ermənistanın iqtisadi manevr imkanları artır, Qərb isə tərəflər arasında balansın saxlanılması şərti ilə siyasi və hərbi münasibətlərin yaxşılaşdırılmasına yönələn bütün cəhdləri bloklayır.

MTM Analitik Qrup