
Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü öz işinə başlayıb. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş tədbir Avrasiya məkanında formalaşan yeni geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.
Qlobal siyasi sistemdə müşahidə olunan dəyişikliklər, beynəlxalq təhlükəsizlik arxitekturasında artan qeyri-müəyyənlik türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsini zəruri edir. TDT çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi kollektiv təhlükəsizlik mexanizmlərinin formalaşmasına yönəlmiş praktik addımlar kimi dəyərləndirilir.
Zirvə görüşü qeyri-sabit beynəlxalq şəraitdə türkdilli dövlətlərin qarşılıqlı dəstəyinin möhkəmləndirilməsi, ortaq müdafiə mexanizmlərinin qurulması və regional sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Terrorçuluq, ekstremizm və separatizm kimi təhdidlərə qarşı birgə mübarizə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər gündəlikdə xüsusi yer tutur.
TDT çərçivəsində Türk Müdafiə Alyansının yaradılması, ortaq humanitar sülhməramlı missiyaların təşkili və informasiya təhlükəsizliyinin təminatı kimi təşəbbüslər regional sabitliyin qorunmasına xidmət edə bilər.
Son illərdə türk dövlətləri arasında birgə təlimlərin keçirilməsi, hərbi-sənaye əməkdaşlığının və hüquq-mühafizə orqanları arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan Azərbaycanın Türkiyə və Özbəkistanla ikitərəfli münasibətləri nümunə kimi göstərilə bilər.
Xatırladaq ki, 2022-ci il avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib və nəticədə Daşkənd Bəyannaməsi imzalanıb. Bu sənəd üçtərəfli əməkdaşlığın yeni konturlarını müəyyənləşdirməsi baxımından əhəmiyyətli mərhələ olub.
Azərbaycanın hərbi-siyasi potensialını regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəltməsi və Türkiyə ilə birlikdə TDT-nin müdafiə koordinasiyasının təşəbbüskarı kimi çıxış etməsi Qəbələ görüşünün əsas müzakirə mövzularındandır. Üzv dövlətlər arasında hərbi-texniki təcrübə mübadiləsi, müdafiə sənayesində ortaq layihələrin hazırlanması və kollektiv təhlükəsizlik mexanizmlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi təşkilatın gələcək fəaliyyət istiqamətini formalaşdırır.
TDT Xarici İşlər Nazirləri Şurasının Qəbələdə keçirilən iclası da təşkilatın yeni mərhələdəki hədəflərini dəqiq şəkildə ortaya qoyur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda qeyd edib ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır və bu, qurumun strateji əhəmiyyətini daha da artırır. Qarşılıqlı investisiyaların təşviqi və ticarət əlaqələrinin genişləndirilməsi təşkilatın gələcək inkişafının əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və nizamnamə kapitalı 500 milyon manat olan Türk İnvestisiya Fondu birgə layihələrin maliyyələşdirilməsi baxımından böyük potensiala malikdir. Fondun fəaliyyəti üzv ölkələrin iqtisadi inkişafını stimullaşdırmağa, qarşılıqlı ticarət və investisiya əməkdaşlığını gücləndirməyə xidmət edir.
Avqustun 8-də Vaşinqtonda Zəngəzur dəhlizi – TRIPP yolunun inşası ilə bağlı əldə olunan razılaşma da TDT ölkələrinin Orta Dəhliz çərçivəsində əməkdaşlığı üçün yeni imkanlar açıb. Azərbaycan Qərb ilə Şərq arasında körpü rolunu oynayan ölkə kimi Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsini, yükdaşımalar üçün daha əlverişli şəraitin yaradılmasını təşviq edir. Türkiyə və Azərbaycan Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə əlaqələri genişləndirməyə, nəqliyyat və gömrük prosedurlarını sadələşdirməyə və yükdaşımaların rentabelliyini artırmağa çalışır. TRIPP yolunun işə düşməsi Zəngəzur dəhlizinin effektiv fəaliyyətinə və türk dövlətləri arasında logistika əməkdaşlığının dərinləşməsinə təkan verəcək.
Qəbələ Zirvəsi həm də təşkilatdaxili koordinasiyanın gücləndirilməsi və qərarların icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşlərinin ildə iki dəfə keçirilməsi TDT-nin fəaliyyətinin çevikliyini və operativliyini artıracaq.
Bundan əlavə, dövlət başçısının BMT-də TDT-yə müşahidəçi statusunun verilməsi təşəbbüsü həyata keçərsə, bu, təşkilatın beynəlxalq nüfuzunun artmasına və qərarlarının daha geniş platformalarda qəbul olunmasına şərait yaradacaq.
TDT-nin fəaliyyət coğrafiyası getdikcə genişlənir ki, bu da onun beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Zirvə görüşündə təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq üçün “TDT+” formatının təsis edilməsi gözlənilir.
Bu baxımdan Macarıstanın müşahidəçi üzv kimi fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Avropa ilə türk dünyası arasında körpü rolunu oynayan Macarıstanın baş naziri Viktor Orbanın Qəbələ Zirvəsində iştirakı da Avropa İttifaqı məkanında TDT-yə olan marağın artdığını göstərir.
Türkmənistanın bu proseslərdə fəallığının artması da diqqətəlayiqdir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Qəbələyə səfəri ölkənin TDT ilə inteqrasiyaya marağını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə Aşqabadın bu zirvədə yüksək səviyyədə təmsil olunması türk birliyinin coğrafi miqyasının genişləndiyini göstərir. Türkmənistanın enerji və qaz resursları baxımından təşkilat üçün mühüm tərəfdaş olması TDT-nin enerji təhlükəsizliyi strategiyasına yeni imkanlar açır.
Ümumilikdə, Azərbaycanın ev sahibliyi etdiyi Qəbələ Zirvəsi ölkəmizin TDT daxilində təşəbbüskar və istiqamətverici rolunu bir daha nümayiş etdirir. Azərbaycanın TDT Katibliyinə 2 milyon ABŞ dolları həcmində vəsait ayırması təşkilatın institusional davamlılığına verilən önəmin göstəricisidir.
Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində TDT üzv ölkələrinin iştirakının təşviqi türk həmrəyliyinin real təzahürünə çevrilir.
Qəbələ Zirvə Görüşü türk dünyasının həmrəyliyini yeni səviyyəyə qaldırır, ümumi maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ortaq yol xəritəsinin formalaşmasına zəmin yaradır.
MTM Analitik Qrup