
İyunun 14-də Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Kamran Əliyev dövlətə, dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının öz fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar dövrə – müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir.
Prokurorluq orqanlarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib.
Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.
Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Daha sonra iştirakçılar Qəbələ Rayon Prokurorluğunun yeni binasında yaradılan şəraitlə tanış olublar.
İkimərtəbəli binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, kriminalistika otağı, kitabxana, yeməkxana, dəftərxana, arxiv və idman zalı yaradılıb.
Qəbələ Rayon Prokurorluğu üçün müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.
Sonda xatirə fotoşəkli çəkilib.

