“QƏBƏLƏ” KLUBU BRAZİLİYALI FUTBOLÇU İLƏ MÜQAVİLƏ İMZALAYIB

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Klubun məlumatına görə, “Qəbələ” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. İyirmi dörd yaşlı Cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək. Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən futbolçu peşəkar karyerasına Avstriyada başlayıb. 2020/2021-ci il mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.