Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən mənə təqdim edilən yüksək mükafata görə təşəkkürümü bildirmək istəyirəm. Bu mükafat təkcə mənə deyil, həm də Seçenov Universitetinin Bakı filialının bütün kollektivinə məxsusdur.
Bu barədə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko iyulun 13-də Səhiyyə Nazirliyində ona “Dostluq” ordeninin təqdim olunması mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib.
Rektor deyib: “Universitetimizin Bakı filialı 2015-ci ildə açılıb. Qeyd etmək istərdim ki, bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin vətənpərvərlik iradəsi mühüm rol oynayıb. Filial tam gücü ilə fəaliyyət göstərir. Amma onun daha yaxşı fəaliyyəti üçün, əlbəttə, dəstəyə ehtiyacımız vardı. Bu dəstəyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərdi. O, universitetimizin məzunu, eyni zamanda, fəxri professorudur. Məhz onun dəstəyi sayəsində ötən illər ərzində Bakı filialının mükəmməl maddi-texniki bazasını yarada bilmişik”.
Onun sözlərinə görə, hazırda Bakı filialında Azərbaycan Səhiyyə Nazirliyinin təqdim etdiyi çox gözəl simulyasiya mərkəzləri, klinik bazalar mövcuddur: “Bundan başqa, tələbələr iki istiqamət üzrə təhsil alırlar. Bu, təkcə müalicə sahəsi deyil, həm də farmasevtikadır. Bakı filialında kadrların hazırlanması səviyyəsi və onun keyfiyyəti çox yüksəkdir. Filialda rezidentura proqram da açılıb və ümidvarıq ki, hər halda, bizim məzunlar, gələcəyin həkimləri həm rezidenturada, həm də aspiranturada təhsil almaq imkanına malik olacaq, namizədlik və doktorluq dissertasiyaları müdafiə edəcəklər”.
Pyotr Qlıboçko diqqətə çatdırıb ki, Seçenov Universiteti ilə onun Bakı filialı arasında əlaqələr Rusiya və Azərbaycan xalqlarının böyük dostluğunun təzahürüdür. Rektor müsahibənin sonunda deyib: “Ümidvaram ki, bu dostluq daha da möhkəmlənəcək və biz təhsil, elm sahələrində müxtəlif istiqamətləri inkişaf etdirəcək, klinik təcrübədə tətbiq ediləcək və xalqlarımızın rifahına töhfə olacaq yeni dərman preparatları, bioməhsullar, tibb ləvazimatı və avadanlığı hazırlayacağıq”.