PROKURORLUQ: XOCAVƏNDDƏKİ MİNA PARTLAYIŞLARI İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Xocavənd rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.