PREZİDENT KİTABXANASINDA “AZƏRBAYCAN-İRAN DİPLOMATİK ƏLAQƏLƏRİN 30 İLİ” ADLI ELEKTRON RESURS İSTİFADƏYƏ VERİLİB

Cari ildə müstəqil Azərbaycanla bir sıra dövlətlərin diplomatik əlaqələrinin qurulmasının 30 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan-İran diplomatik əlaqələrin 30 ili” adlı növbəti elektron resurs iki qonşu və qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlamış, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulub. Ötən illərdə müştərək tarixi-mədəni irsə malik iki dövlət arasında diplomatik əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması hər iki ölkənin xalqlarının bir-birinə daha sıx bağlanmasına və iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində 1990-cı illərin əvvəllərində blokada şəraitinə düşmüş Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən ağır günlərini yaşadığı dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin sayəsində İranla iqtisadi, humanitar və ticarət sahəsində əlaqələrin qurulması muxtar respublikanın vəziyyətini qismən də olsa yüngülləşdirmişdi.

1993-cü ilin iyun ayında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra İranla münasibətlərdə müəyyən anlaşılmazlıqlar aradan qaldırıldı, münasibətlər konstruktiv və dinamik məcraya yönəldildi.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə İran beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğal altında saxladığı Azərbaycanla İran arasındakı dövlət sərhədi tam bərpa edilib.

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 5 fəsildən və 13 alt bölmədən ibarət “Azərbaycan-İran diplomatik əlaqələrin 30 ili” elektron resursu iki ölkə arasında münasibətlərin real mənzərəsini özündə əks etdirir.

Prezident Kitabxanasından bildirilib ki, elektron resursun “Tarixi arayış” bölməsində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arşında münasibətlər təhlil edilib və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilib.

Elektron resursun “Sənədlər” fəslində Azərbaycanla İran arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin – bəyannamə, saziş, müqavilə, memorandum, protokol və sərəncamların tam mətnləri istifadəçilərə təqdim edilir.

“E-resurslar” fəslində Azərbaycan-İran münasibətlərinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron versiyaları öz əksini tapır. Resursda həmçinin bu mövzuya dair Kitabxananın fondunda olan kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası toplanılıb.

“Fotoqalereya” bölməsi iki ölkənin son 30 ildə keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.

“Azərbaycan-İran diplomatik əlaqələrin 30 ili” elektron resursu https://azeriran.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənilir.