PREZİDENT İLHAM ƏLİYEVİN YARATDIĞI REALLIQLA İNDİ HAMI HESABLAŞIR

Dünyada xalqlar çoxdur, lakin onların heç də hamısının müstəqil dövləti yoxdur. Xalqımızın xoşbəxtliyi ondadır ki, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti məhz bizim Vətənimizdə yaranıb. İndi o dövlətin siyasi varisi olan müasir Azərbaycan Respublikası sürətlə inkişaf edir. Onunla hesablaşırlar, ona hörmət və ehtiram göstərirlər. O beynəlxalq münasibətlər sisteminin ayrılmaz hissəsi, dünyanın nüfuzlu aktorlarından biridir. Bu naliyyəti təmin edən əsas amil lider faktorudur. Prezident İlham Əliyev Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırlayıb və uğurla həyata keçirib. O, torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycan tarixinin ən böyük problemini həll edib. Onun əsas istinad nöqtəsi Azərbaycan xalqının tarixi naliyyəti olan müstəqillikdir!

Prezident İlham Əliyevin şəxsiyyət obrazını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, Ulu Öndərdən miras qalmış dövlətçilik sisteminə və azərbaycançılıq məfkurəsinə ali münasibət, Müstəqillik, Vətən və Xalq sevgisi tamamlayır. Dünyada lider böhranının yaşandığı dövrdə Azərbaycan Prezidenti nümunəvi rəhbər missiyası nümayiş etdirir, xarici dövlət başçıları onun Avropada ən çox arzulanan lider olduğunu deyir, hətta onunla danışmaq üçün telefon nömrəsi axtaranlar da çoxalıb. Bütün bunlar ona görə baş verir ki, Prezident İlham Əliyev bütün təmaslarında ilk növbədə səmimiyyəti ilə seçilir. O, qərarlarında olduqca ədalətlidir, humanistdir, hər zaman dediyi sözün üstündə durur. Onun sözü də imzası qədər dəyərlidir. O, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. İlham Əliyev xalqdan aldığı gücü öz fəaliyyəti ilə xalqa qaytarır. Onun güclü xalq, güclü dövlət, güclü lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. O, müasirlik və maarifçilik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin başçısıdır. O, müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin rəhbəridir. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz sərkərdədir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir.

Prezident İlham Əliyev deyir ki, “xalq, millət anlayışları ön planda olanda istənilən problem həllini tapa bilər və bizim siyasətimiz milli maraqlar üzərində qurulub”. Ona görə də xalq öz Prezidentinin ətrafında sıx birləşib və dövlət başçısının yürütdüyü siyasətə müstəsna dəstək verir. Odur ki, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. 2020-ci ildə Azərbaycan30 il davam edən mənasız danışıqlara son qoyaraq öz torpaqlarını işğaldan azad etdi. 44 gün davam edən və Ermənistanın kapitulyası ilə nəticələnən Vətən müharibəsində Azərbaycan yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirdi.  Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqıdır və biz Qarabağı unutmamışıq.

Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də Ermənistanın himayədarları ilə də müharibə apardı və Qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edildi. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır. Dövlət başçısı bu Qələbə ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularını da həyata keçirdi, Şuşanın azad olunması ilə Ata vəsiyyətini yerinə yetirdi. O, yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı. O, təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtardı, Azərbaycan xalqını bu tarixin əsas qəhramanına çevirdi.

İş o yerə gəlib çatıb ki, indi köhnə müttəfiqlər bir-birinin üzünə durur, bir-birini təhqir edir. Bu reallığı isə Prezident İlham Əliyevin müstəqilliyin övladlarından qurduğu şanlı ordunun parlaq qələbəsi təmin edib. Artıq Qarabağın statusu ilə bağlı iddialara son qoyulub, bununla da regionda münaqişə ocağının qalmasına əbədi ümidlə baxan dairələrin ambisiyaları iflasa uğrayıb. Bununla da Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın mənfur ideoloji təhdidlərindən xilas edib, onların itirilmiş reallıq hissini yerinə qaytarıb. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Ona görə də dünya Vətən müharibəsinin gedişində Azərbaycanı, onun liderini yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var.

MTM Analitik Qrup