Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində regionda yaranan yeni reallıqlar barədə fikirləri İran mətbuatının diqqətində olub.
İranın İRNA rəsmi xəbər agentliyi, “Mehr news”, “Fars news” saytları Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barəsində fikirlərinə xüsusi yer ayırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində iş apararaq kommunikasiyaların bərpasına çalışır.
Materiallarda Prezidentin region dövlətlərindən ibarət 3+3 formatı çərçivəsində əməkdaşlıq əlaqələri barəsində söylədiyi fikrindən sitat gətirilib: “Prezident əmin olduğunu bildirib ki, 3+3 formatı çərçivəsində də keçiriləcək ikinci görüşdə daha predmetli, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılacaq. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir”.