PREZİDENT İLHAM ƏLİYEVİN SOSİAL ŞƏBƏKƏ SƏHİFƏLƏRİNDƏ BU İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA HƏSR OLUNAN MÜŞAVİRƏ İLƏ BAĞLI PAYLAŞIM EDİLİB

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində müşavirə ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir:

Birinci rübün yekunlarına görə bizim iqtisadi göstəricilərimiz çox müsbətdir:

• Ümumi daxili məhsul 6,8 faiz artıb. Postpandemiya dövrü üçün 6,8 faiz artım böyük nailiyyətdir.
• Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb.
• Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur.
• Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Qeyri-neft ixracı da 45 faiz artıb.
•Xarici dövlət borcumuz azalıb, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni xarici borc təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı düşüb.
•Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur.
•Üç ayda valyuta ehtiyatlarımız artıb.
Biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli artım olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev