Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Astanada keçirdiyi görüşlər, həmçinin tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” və “Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin imzalanması dünyanın bir çox nüfuzlu media orqanı tərəfindən geniş işıqlandırılıb.
Rusiyanın geniş oxucu kütləsinə malik olan media orqanları Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqqında xəbərlər və məqalələr dərc edib.
TASS informasiya agentliyinin “Əliyev Putinlə görüşdə iki ölkənin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyətini qeyd edib” sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycanın dövlət başçısı ticarətdə milli valyutalarda qarşılıqlı hesablaşmaların artmasını, bu rəqəmin Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çox, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxın olması faktlarını sevindirici hal adlandırıb. Agentlik diqqətə çatdırıb ki, Rusiya və Azərbaycanın liderləri iki ölkə arasında əmtəə dövriyyəsinin artmasından, habelə humanitar sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
“Kommersant” qəzetində dərc olunmuş materialda iki müttəfiq ölkənin liderlərinin dövlətlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikirləri yer alıb. Qəzet Prezident İlham Əliyevin Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin, habelə milli valyutalarda hesablaşmaların artması ilə bağlı sitatını da təqdim edib.
“Komsomolskaya Pravda” qəzeti isə Prezident İlham Əliyevin görüş əsnasında Azərbaycanda rus dilinə göstərilən qayğı, məktəblərdə rus dilində təhsilin miqyası ilə bağlı fikirlərini təqdim edib. Məqalədə dövlətimizin başçısının çıxışından aşağıdakı sözlər sitat gətirilib: “Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar”.
Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqqında Rusiyanın “RİA Novosti” agentliyinin saytında, “News.ru”, “Profile.ru”, Moskovski Komsomolets”, “Life.ru”, “Smotrim.ru” və digər qəzet və portallarında, habelə “Birinci kanal”, “Mir24”, RTR telekanallarının saytında xəbər və məqalələr dərc olunub. Materiallarda dövlətimizin başçısının Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyətinin uğurla davam etməsi, 2022-ci ildə imzalanan Müttəfiqlik Bəyannaməsini bütün bəndlərinin real həyatda öz əksini tapması barədə fikirləri yer alıb. Rusiya mediası vurğulayıb ki, Prezident İlham Əliyev artıq iki ildən artıqdır ki, müttəfiqlik birgə fəaliyyətin yaxşı nəticələr verdiyini qeyd edib.
Qazaxıstan mediası isə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə görüşü barədə geniş materiallar dərc edib.
Bu ölkənin “İnform Buro” agentliyinin saytında dərc olunmuş məqalədə qeyd olunub ki, dövlətimizin başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Qarabağda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib. Həmçinin qazaxıstanlı oxucuların diqqətinə çatdırılıb ki, liderlər – İlham Əliyev və Kasım-Jomart Tokayev Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətləri qeyd edib, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyini diqqətə çatdırıblar.
“Zakon.kz” portalının “İlham Əliyev Qazaxıstanın beynəlxalq arenada nüfuzunu qeyd edib” sərlövhəli məqaləsində isə dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyi dəstəyə görə Qazaxıstana təşəkkür etməsi və Kasım-Jomart Tokayevin Astana danışıqlarının keçirilməsinə razılıq verdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirməsi barədə bəhs edilib. Məqalədə vurğulanıb ki, Qazaxıstan Prezidenti ölkəsinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazır olduğunu qeyd edib.
“Tengrı.news”, “Ulysmedia.kz”, “Optımızm.kz” portallarında dərc edilən materiallarda “Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin imzalanması ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın daha bir nümunəsi kimi təqdim olunur. Eyni zamanda, diqqətə çatdırılır ki, Prezident İlham Əliyev iki dost ölkə arasında müzakirə edilən və razılaşdırılan bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunduğunu, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin fəal şəkildə həyata keçirildiyini bildirib. Azərbaycanın dövlət başçısı qazaxıstanlı həmkarı ilə görüşdə qeyd edib ki, iki ölkə mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstərir. O, həmçinin bu məsələnin bir neçə gün sonra Qarabağda keçiriləcək və Qazaxıstan liderinin də iştirak edəcəyi Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacağını vurğulayıb.
Çin mediası isə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüşü və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanmasını geniş şəkildə işıqlandırıb.
“ChinaNews” nəşrinin dərc etdiyi məqalədə Si Cinpinin Çin-Azərbaycan əlaqələrinin səmimiyyətə və qarşılıqlı etimada əsaslandığı barədə sözləri sərlövhəyə çıxarılıb. Qeyd olunub ki, ÇXR lideri iki ölkənin yaxşı dostlar, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlar olduğunu, Çin-Azərbaycan münasibətlərinin həmişə sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayıb. Məqalədə qeyd olunub ki, Si Cinpin imzalanan Birgə Bəyannamə ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyini, bunun həm də yeni bir başlanğıc nöqtəsi olacağını deyib. Eyni zamanda, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında əmtəə dövriyyəsinin 3 milyard dollara çatması, Azərbaycanın artıq Çinin 6 şəhərində ticarət evi açması, həmçinin Çin Xalq Respublikasından Azərbaycana ixracın həcminin artması barədə fikirləri yer alıb.
Çinin CCTV telekanalının saytında, “dajılın.com”, “cpc.people.com”, “News.cn”, “Politics.gmw”, “SZS.news”, “german.cri.china”, “m.cyol.com” portallarında dərc olunan materiallarda diqqətə çatdırılır ki, Çin və Azərbaycan liderlərinin görüşündə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunulub. Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulanıb. Si Cinpin “Vahid Çin” siyasətini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Tərəflər ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü xüsusi qeyd ediblər.
Çin mediasının materiallarında diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ÇXR-in Sədri Si Cinpin ilə görüşündə Azərbaycanın multilateralizmə – çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayıb . O, Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyini, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyini qeyd edib.
Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. Ölkəmiz nəqliyyat-logistika imkanlarını genişləndirir, bu sahəyə investisiyalar qoyur. Görüş əsnasında bildirilib ki, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanları 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılıb.
Qardaş Türkiyənin nüfuzlu media orqanları da Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünü və Pakistanın Baş nazirinin də iştirakı ilə üçtərəfli görüşü ətraflı işıqlandırıb.
“Anadolu” agentliyi prezidentlərin görüşü və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçtərəfli görüş haqqında geniş məqalə dərc edib. Qeyd edilib ki, liderlər üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyini vurğulayaraq, onun tarixi əhəmiyyətini qeyd ediblər. Bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə olunub. Agentlik diqqətə çatdırıb ki, görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb, regiondan kənar ölkələrin Cənubi Qafqazda silahlandırma siyasəti aparmasından narahatlıq ifadə edilib.
Həmçinin ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
“Hürriyet” qəzetinin “Astanada üçtərəfli Zirvə görüşü…Türkiyə, Azərbaycan, Pakistan liderləri bir araya gəldi” sərlövhəli məqaləsində diqqətə çatdırılıb ki, görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” devizi altında keçirilən təlimlərin əhəmiyyəti qeyd edilib.
Qardaş ölkənin “Milliyet”, “Sabah”, Akşam”, “Cümhuriyet”, “Yeni Çağ” “Aydınlık” qəzetləri, habelə “TRT Haber”, NTV, “CNN Türk” telekanallarının saytında da Türkiyə, Azərbaycan, Pakistan liderlərinin üçtərəfli görüşü haqqında xəbərlər və məqalələr yerləşdirilib.