PREZİDENT İLHAM ƏLİYEVİN NORVEÇ BAŞ NAZİRİNƏ ÜNVANLADIĞI COP29-A DƏVƏT MƏKTUBU SƏFİRƏ TƏQDİM EDİLİB

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Norveç Krallığının Baş naziri Jonas Gahr Storeyə ünvanladığı dəvət məktubunu Norveç Krallığının İsveçdəki səfiri Aud Kolberqə təqdim edib.

Görüş zamanı Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində uğurlu təcrübəsi qeyd olunub. COP29-a hazırlıq işləri barədə qarşı tərəfə məlumat verilib, habelə Azərbaycan və Norveç arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Norveç səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və onun ən qısa zamanda yüksək ünvanına çatdırılacağını bildirib.