PREZİDENT İLHAM ƏLİYEVİN “LAÇIN ŞƏHƏRİ GÜNÜ” MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİNDƏ İŞTİRAKI GÜRCÜSTAN MƏTBUATININ DİQQƏTİNDƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirakı və dövlətimizin başçısının tədbirdəki çıxışı Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

Gürcüstan mətbuatında Prezident İlham Əliyevin Zabud sakinləri ilə görüşdəki çıxışından silsilə materiallar yerləşdirilib.

Geniş oxucu kütləsinə malik olan 24News.ge xəbər portalı dövlət başçısı İlham Əliyevin çıxışına istinadla yazır: “Bu gün həm Şuşada, həm Laçında toy-bayramdır, həm də sakinlər öz doğma torpaqlarına qayıdırlar. İşğaldan azad olunan bütün əzəli Azərbaycan torpaqları dirçələcək və qaçqın düşmüş şəxslər öz ata-baba torpaqlarına qayıdacaqlar”.

İnterpress.ge portalında Prezident İlham Əliyevə istinadla yazır: “İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər”.

Materialda deyilir: “Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

QafqazTürk.com portalı da Prezident İlham Əliyevin çıxışından xəbərlər yayıb. Azərbaycan dövlətinin başçısına istinadla yayılan materialda deyilir: “Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust – keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq”.

Aktual.ge portalı da dövlətimizin başçısının çıxışında yazıb: “Biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıblar, həyat qayıdıb. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq”.

Portal həmçinin yazır: “İşğal altında olmuş Azərbaycan torpaqlarını qaytarmağın yeganə yolunun müharibə olduğunu qeyd edən İlham Əliyev deyib: “Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik”.