PREZİDENT İLHAM ƏLİYEVİN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ SƏFƏRİ TÜRKİYƏ MEDİASI TƏRƏFİNDƏN GENİŞ İŞIQLANDIRILIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın martın 15-də işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Qardaş ölkənin media orqanları səfərlə bağlı videomateriallar və fotolar təqdim ediblər. Hazırlanan informasiyalarda, həmçinin Prezident İlham Əliyevin çıxışındakı fikirlərə də da istinad edilib: “Mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq.”
Anadolu informasiya agentliyi, “CNN Türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanalları, eləcə də “Sabah”, “Star” və digər qəzetlərin saytları dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərini geniş işıqlandırıb.