PREZİDENT İLHAM ƏLİYEVİN İRAN PREZİDENTİ MƏSUD PEZEŞKİAN İLƏ MƏHDUD TƏRKİBDƏ GÖRÜŞÜ OLUB

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.