Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər və verdiyi bəyanatlar ərəb mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Misirin nüfuzlu “Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsindən aşağıdakı sitat verilib. “Bəli, biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır”.
Məqalədə qeyd olunub ki, Azərbaycanın müharibədən sonra sülhün bərqərar olması istiqamətində səyləri bütün Yaxın Şərq regionunun inkişafı baxımından əhəmiyyətlidir.
Misirin “Dustur” qəzetində isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş barədə xəbər dərc edilib.
Əlcəzairin “Əl Hərir” portalı dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü haqqında AZƏRTAC-ın xəbərini yayıb.