Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışı zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Geniş oxucu kütləsinə malik “interpress.ge”, “realnews.ge”, “24news.ge”, “aktual.ge” portallarında yayılan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycan qazının Avropaya nəqlinin artırılacağı, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas ölkələrə nəql ediləcəyi ilə bağlı fikirləri əksini tapıb.
AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının nitqindən gətirilən sitatlarda deyilir: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”.