
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.Dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və orada Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü iki ölkə arasında münasibətlərin strateji səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Son illərdə Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə genişlənib, enerji, maliyyə, turizm, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində qarşılıqlı layihələr həyata keçirilib. Xüsusilə enerji və neft-qaz sektorunda əməkdaşlıq, həmçinin BƏƏ investorlarının Azərbaycanın iqtisadiyyatına yatırımları iki ölkə arasında etimad və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Bu səfər çərçivəsində “Gələcəyin oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı isə yalnız ikitərəfli münasibətlərin mədəni və sosial aspektini deyil, eyni zamanda Azərbaycanın beynəlxalq idman və diplomatiya platformalarında mövqeyinin gücləndirilməsini simvollaşdırır. İdman sahəsində əməkdaşlıq iki ölkə arasında mədəni və gənclər siyasətinin inkişafına, həmçinin beynəlxalq ictimaiyyətlə əlaqələrin genişlənməsinə imkan yaradır.
Azərbaycanın ərəb dünyasında təsirinin artması, regionda strateji tərəfdaşlarının sayının çoxalması onun regional və qlobal siyasətdə balanslı, çevik və effektiv xarici siyasət strategiyasının nəticəsidir. Prezident İlham Əliyevin səfəri göstərir ki, Azərbaycan yalnız enerji və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, idman, təhsil və humanitar əməkdaşlıq sahələrində də ərəb ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu cür səfərlər Azərbaycanın regional əməkdaşlıq şəbəkələrini genişləndirməsinə, ərəb dünyasında siyasi və iqtisadi nüfuzunu artırmasına, həmçinin beynəlxalq arenada strateji tərəfdaşlıqlarını dərinləşdirməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin müxtəlif qollar üzrə, xüsusilə iqtisadi, sosial, mədəni və diplomatik sahələrdə davamlı inkişaf etdiyini, ölkənin beynəlxalq əlaqələrində daha fəal və səmərəli rol oynadığını açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin səfəri həm Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələnin başlanğıcını işarələyir, həm də Azərbaycanın regionda və dünyada mövqeyinin güclənməsinə xidmət edir. Bu proses iqtisadi və siyasi diversifikasiya, mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan-BƏƏ münasibətləri vasitəsilə ölkəmiz ərəb dünyasında diplomatik və iqtisadi əlaqələrini daha da möhkəmləndirərək regionda sabitlik və əməkdaşlığın təşviqinə töhfə verir, beynəlxalq siyasətdə balanslı və praqmatik yanaşmalarını daha geniş spektrdə tətbiq etməyə imkan yaradır.
MTM Analitik Qrup
