Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.
Dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirib.
İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu deyib.
Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edib.
O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirib.
Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirilib, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulanıb, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edilib. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olunub və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunulub.
Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirilib.