Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Dövlətimizin başçısına və Birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, işğal dövründə ermənilər Azərbaycanın bu ərazidə əsrlər boyu yaşayan böyük şəxsiyyətlərinin tarixi irsini məhv etməyə çalışıblar. Şuşadan Azərbaycan izinin silinməsi üçün tarixi-mədəni abidələri dağıdaraq milli dəyərlərimizə ciddi ziyan vurublar. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub.
Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.