Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.
Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.
Dövlətimizin başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi. Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.