Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Baş katib Kunio Mikuriya Azərbaycanda gömrük xidmətinin yaradılmasının 30 illiyi ərəfəsində Bakıda olmasından məmnunluğunu ifadə edib, ölkəmizin regionda və dünyada rolunun artması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirib. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insanlararası təmaslar və nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.
Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirib və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirib. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.
Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.