PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN KƏND TƏSƏRRÜFATI VƏ MEŞƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.