PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN ƏDALƏT VƏ İNKİŞAF PARTİYASI SƏDRİNİN BİRİNCİ MÜAVİNİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.