Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.
Bunu Prezident İlham Əliyev noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə üçün dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir”.