PREZİDENT İLHAM ƏLİYEV SUMQAYIT ŞƏHİDLƏR XİYABANINDA APARILAN ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə Şəhidlər xiyabanında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.

Qeyd edilib ki, Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi inşa edilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb, həmçinin inzibati bina inşa olunub.

Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.