PREZİDENT İLHAM ƏLİYEV SERBİYANIN XARİCİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Serbiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib.